Azərbaycanın sığorta bazarının iştirakçılarından olan «Atəşgah Sığorta» şirkəti 2022-ci ildə yarım milyon manatdan artıq zərər edib.
Sığorta ödənişlərinin dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-FEVRAL, 2023)
FED.az xəbər verir ki, bu barədə şirkətin hesabatında bildirilir.
Sənədə əsasən, 2022-ci ildə «Atəşgah Sığorta»nın cəmi gəlirləri 29 milyon 663 min manat təşkil edib. İl ərzində şirkətin əsas əməliyyat gəliləri təqribən 30 milyon manat olub, bunun 28,8 milyon manatı toplanan sığorta haqlarıdır.
Əvəzində «Atəşgah Sığorta» sığorta ehtiyatlarının dəyişməsindən 3,2 milyon manat itirib. Daha 845 min maat isə investisiya gəlirləri kimi qeydə alınıb.
2022-ci ildə «Atəşgah Sığorta» subroqasiya işlərindən 1,6 milyon manat əldə edib.
Şirkətin xərcləri isə 30 milyon 181 min manat təşkil edib. Bunun 15,9 milyon manatı sığorta ödənişləridir. Ötən il «Atəşgah Sığorta» 1 milyon manatdan artıq sığorta haqqını geri qaytarıb, 2,4 milyon manat isə təkrarsığortaya sığorta haqqı kimi ödənilib.
2022-ci ildə «Atəşgah Sığorta» işlərin aparılmasına 10 milyon 470 min manat xərcləyib – yeri gəlmişkən, bu 2021-ci illə müqayisədə aşağıdır – şirkət bu məsələdə qənaətə keçib.
Xərclərin gəliri üstələməsi son nəticədə özünü zərərdə göstərib – ilin sonuna «Atəşgah Sığorta»nın xalis zərəri 518 min manat təşkil edib.
Qeyd edək ki, vaxtilə ölkənin ən böyük sığorta şirkətlərindən olan «Atəşgah Sığorta»nın zərərə keçməsi gözlənilməz olmayıb. Belə ki, hələ 2021-ci ildə «Atəşgah Sığorta»nın xalis mənfəəti 10 dəfə azalmışdı. 2020-ci ildə şirkət 3,3 milyon manat xalis mənfəət əldə etdiyi halda, 2021-ci ildə bu göstərici 328 min manata enmişdi.
2022-ci ildə «Atəşgah Sığorta»nın aktivləri 39,7 milyon manatdan 46,6 milyon manata yüksəlib. Öhdəlikləri isə 23,6 milyon manatdan 30 milyon manata yüksəlib.
Şirkətin cəmi kapitalı demək olar ki, dəyişməyib və 16,6 milyon manat təşkil edib.