Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növünə verilmiş icazənin ləğv edilməsi yolu ilə "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə (ASC) sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi yol verilmiş nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb.
ASC-dən verilən məlumata görə, Palatanın təqdimatının icrası üçün əvvəlki illərə aid iri həcmli informasiyanın işlənməsi tələb olunurdu. Lakin ötən dövrlərə aid məlumatların işlənməsindəki texniki çətinlik təqdimatın tam və vaxtında icrasını ləngidib.
Hazırda “Atəşgah” Sığorta Şirkəti tələb olunan məlumatların toplanması üzrə gücləndirilmiş rejimdə işləyir: "Qısa zaman ərzində lazım olan bütün məlumatlar Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim olunacaq və əminik ki, bu məhdudiyyət aradan qaldırılacaqdır. Eyni zamanda müştərilərimizin nəzərinə çatdırmaq istərdik ki, “Atəşgah” Sığorta Şirkəti öz müştərilərinə sığorta xidməti göstərməkdə davam edir”.