Azərbaycanda ilk həyat sığortası şirkəti olan “Atəşgah Həyat” Sığorta Şirkəti ASC 2024-cü ili 7,5 milyon manat xalis mənfəətlə tamamlayıb. Belə ki, şirkətin ümumi gəlirləri 77,6 milyon manat olmaqla, toplanmış sığorta haqları 91,4 milyon manat təşkil edib. Eyni zamanda şirkətin ümumi xərcləri 68,2 milyon manat olmuş, 53,4 milyon manat həcmində isə sığorta ödənişləri həyata keçirilmişdir.
FED.AZ xəbər verir ki, bu göstəricilər “Atəşgah Həyat ” Sığorta Şirkəti ASC-nin maliyyə sabitliyini və müştərilər qarşısında öhdəliklərini yüksək səviyyədə yerinə yetirmək bacarığını aydın şəkildə göstərir. ISO 9001:2015 standartlarına uyğun fəaliyyət göstərən “Atəşgah Həyat” Sığorta Şirkəti ASC xidmət keyfiyyətini artırmaq və müştəri məmnuniyyətini təmin etmək məqsədilə dayanıqlı inkişaf strategiyasını yürütməyə davam edir.
Qeyd etmək istərdik ki, 1998-ci ilin mart ayında fəaliyyətə başlayan "Atəşgah Həyat" Sığorta Şirkəti ASC, 2008-ci ilin dekabr ayında həyat sığortası sahəsində fəaliyyət göstərən ilk sığorta şirkəti olaraq qeydiyyatdan keçmişdir. Şirkət həyat sığortası üzrə Müddətli həyat sığortası, Yığım sığortası, Kredit Həyat sığortası, İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta və Sağalmaz xəstəliklərdən sığorta məhsullarını təklif etməkdədir. Hal-hazırda şirkətin təqdim etdiyi Müddətli həyat sığortası müştərilər tərəfindən ən çox tələbat göstərilən məhsul olaraq ön plana çıxır.