Azərbaycan sığorta bazarının liderlərindən olan “Atəşgah” Sığorta Şirkəti 25 illik fəaliyyət dönəmində çoxsaylı tədbir və layihələrə öz imzasını atmışdır. Onlardan biri də yaxın günlərdə baş tutan “Zəfər zirvəsi” nə yürüş olub.
FED.az xəbər verir ki, “Zəfər zirvəsi”nə yürüş zamanı tədbir iştirakçıları Azərbaycan Respublikasının himnini səsləndirmiş, Vətən müharibəsi zamanı şəhid olanların əziz xatirəsini sükutla yad etmiş, üzərində “Bizim gücümüz birliyimizdədir. Yaşasın Azərbaycan!” şüarı qeyd olunan heykəlciyi zirvəyə bərkitmişdirlər.
Xatırladaq ki, Qüdrətli Azərbaycan ordusunun 44 günlük uğurlu hərbi əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımızın azad edilməsi münasibətilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 dekabr tarixli sərəncamına əsasən 8 Noyabr Azərbaycan Respublikasında "Zəfər günü" kimi təsis olunmuşdur. Zəfər günü münasibətilə də Bazardüzü zirvəsində yerləşən adsız yüksəkliyə “Zəfər zirvəsi” adı verilmişdir. Zəfər zirvəsi Baş Qafqaz silsiləsində Azərbaycanın ikinci ən böyük zirvəsidir. 4301 m hündürlüyə malik bu zirvə Qusar rayonu ərazisində yerləşir.
“Atəşgahlılar” həmçinin ətraf-mühitin mühafizəsi prinsipini əsas tutaraq dağlıq ərazidə “trashtag” etmiş, ərazini məişət tullantılarından təmizləmişdir. Eləcə də, əməkdaşların səfərini həyata keçirən avtomobil “Atəşgah” SŞ tərəfindən sığorta olunmuşdur.
Qeyd edək ki, yüksək etibarlılıq imicinə malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.