FED.az biznes-maliyyə portalı “AtaSığorta” ASC ilə birgə “Regional Filiallarımızı Tanıdaq” adlı uzunmüddətli layihəsini uğurla davam etdirir. Layihənin növbəti müsahibi “AtaSığorta” ASC-nin Xaçmaz filialının direktoru Ədalət Həbibovdur.
Qeyd edək ki, layihənin media tərəfdaşı FED.az biznes-maliyyə portalıdır.
- Ədalət müəllim, özünüz haqqında qısa məlumat vermənizi xahiş edirik
- İlk öncə FED.az saytının rəhbərliyinə və kollektivinə təşəkkür edirəm və işlərində uğurlar arzulayıram. Fürsətdən istifadə edib hər kəsi qarşıdan gələn Novruz Bayramı münasibatilə təbrik edirəm, xoş günlər arzu edirəm! 2014-cü ildə Dağıstan Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakultəsini bitirmişəm. Sığorta sektorunda fəaliyyətimə 2013-cü ildə Azərbaycan Sənayə Sığorta şirkətində başlamışam, 2015-ci ildə “Paşa Sığorta” ASC-də davam etdirmişəm. 2017-ci ildən isə “AtaSığorta” ASC-də fəaliyyət göstərirəm.
- “AtaSığorta” ASC-nin Xaçmaz filialı nə vaxdan fəaliyyət göstərir və region əhalisinə daha çox hansı məhsullar təqdim edilir?
- Filialımız 2017-ci ildən fəaliyyət göstərir, filialda 6 nəfər əməkdaş çalışır. Ümumiyyətlə şirkətimiz 30 növ üzrə, o cümlədən 26 könüllü və 4 icbari növü üzrə sığorta xidmətləri təqdim edir. Şirkətin təqdim etdiyi əsas sığorta növləri arasında əmlak sığortası, nəqliyyat vasitələrinin sığortası, nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari və könüllü sığortası, sürücü və sərnişinlərin bədbəxt hadisələrdən sığortası, üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası, yüklərin sığortası, inşaat sığortası, işəgötürənin məsuliyyətinin sığortası, tibbi sığorta, fərdi qəza sığortası, və s. vardır. Regionlarda əsas icbari növlər, könüllü növlərdən isə kasko, səfər sığortası və yük sığortası kimi məhsulların satışını daha aktiv həyata keçiririk.
- “AtaSığorta” şirkətinin 2020-ci il üzrə məcmu yığım hesabatında filialın sığorta haqları üzrə xüsusi çəkisi neçə faiz təşkil edib? Ümumiyyətlə, 2021-ci ilin yekun hesabatında bu rəqəmin daha da artırılması istiqamətində filial olaraq hansı addımların atılmasını planlaşdırırsınız?
- "AtaSığorta" şirkətinin 2020-ci il üzrə məcmu yığım hesabatında Xaçmaz filialının payı 4,72% təşkil edib. Düşünürəm ki, rayon üçün bu faiz nisbəti qənaətbəxşdir. Çünki kiçik bir rayonda 10-a yaxın sığorta şirkəti fəaliyyət göstərir.
2021-ci il üçün atacağımız addımlar, əlbəttə ki, artıma doğru olacaq. Dünyada və eləcə də Azərbaycanda koronavirus pandemiyasının təsirinə məruz qalmayan biznes sahəsi yoxdur, o cümlədən, maliyyə bazarlarına mənfi təsirləri də qaçılmazdır. Öz təsirini göstərdiyi sahələrdən biri də sığorta sektorudur. Artıq bir ilə yaxın davam edən bu vəziyyət sığorta şirkətlərinin satışlarına ciddi təsirini göstərib. Ötən illərə nisbətən satışların azalması buna əyani sübutdur.
- Filialınızın daha səmərəli işləməsi üçün prioritet olaraq hansı işlər görüləcək?
- İlk növbədə düşünürəm ki, şirkət olaraq yeni məhsulların əhaliyə təqdim edilməsi daha yaxşı olar. Həmin məhsullar əhalinin indiki büdcəsinə uyğun olmalıdır. Filial olaraq biz də yeni məhsullar haqqında maarifləndirmə işlərini aparmalı, pandemiya dövründə satışın həcmini yenidən bərpa etməli və yeni müştərilərin cəlb olunması istiqamətində daha geniş layihələr həyata keçiriləməlidir.
- Əmlakın icbari sığortası ilə bağlı region əhalisi arasında hansı təbliğat təşviqat işləri görülür? Ümumiyyətlə, bu sığorta növü üzrə yığımların artırılması istiqamətində filial tərəfindən hansı addımlar atılır?
- Bildiyimiz kimi daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsini nəzərdə tutur. Filial olaraq digər sığorta növlərində olduğu kimi Daşınmaz Əmlakın İcbari Sığortası üzrə də maarifləndirmə işləri aparırıq. İlkin olaraq rayon və kəndlərdə icra nümayəndələri ilə görüşərək onların vasitəsilə əhaliyə broşuraların və digər posterlərin paylanması kimi təbliğat və təşviqat işləri aparırıq. 2019-cu ilin sonlarında Daşınmaz Əmlakın İcbari Sığortası üzrə cərimə tətbiq ediləcəyi bildirildiyində demək olarki, əhalinin çox hissəsi ofisimizə yaxınlaşaraq icbari sığortasını əldə etdi. Satışda artım tempi görünsə də bu qaydada satışı düzgün saymıram. Biz sığortaçı olaraq əhaliyə yalnız maarifləndirmə yolu ilə sığorta növlərini təqdim etməliyik. İnanıram ki, bundan sonrakı illərdə bu məqsədimizə nail olacağıq.
- Bildiyimiz kimi, “AtaSığorta” şirkəti ölkədə müştərisinə sığorta ödənişini operativ qaydada ödəyən şirkət kimi tanınır. Bilmək istərdik ki, filial olaraq daha çox hansı növlər üzrə sığorta hadisləri baş verir?
- Qeyd etdiyiniz kimi şirkətimiz ölkədə müştərisinə sığorta ödənişini operativ qaydada ödəyən şirkətdir. Ödənişlərin çox hissəsi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və avtonəqliyyat vasitələrinin könüllü sığortası növlərinə aiddir.