Müştəri məmnuniyyətinin artırılması istiqamətində fasiləsiz işlər aparan “AtaSığorta” ASC yeni nümayəndəliyini müştərilərin xidmətinə verdi. FED.az xəbər verir ki, açılış mərasimində “AtaSığorta” ASC-nin İdarə Heyətinin sədr müavini, departament və şöbə rəhbərləri iştirak edib. Müasir tələblərə tam cavab verən yeni “BAKI” Nümayəndəliyi Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 135 ünvanında fəaliyyət göstərəcək. Xidmət şəbəkəsinin genişlənməsi “AtaSığorta” ASC-nin əsas inkişaf prioritetlərindən biridir. Yeni açılmış nümayəndəlik Bakı şəhərində yaşayan əhalinin bütün sığorta xidmətlərindən rahat şəkildə faydalanmasını, baş verən sığorta hadisələri zamanı isə müştərilərə peşəkar və operativ xidmətin göstərilməsini təmin edəcəkdir. “AtaSığorta” ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Şirkət fəaliyyətinin əsas prinsipi kimi fiziki və hüquqi şəxslər üçün effektiv sığorta layihələri hazırlayır və inkişaf etdirir. “AtaSığorta” ASC müştərilərinin bütün mümkün və sığortalana biləcək risklərinə maksimum təminat verir. AtaSığorta şirkəti 26 könüllü və 4 icbari növlər üzrə sığorta xidmətləri təqdim edir. Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə Şirkətin Çağrı Mərkəzi 24/7 rejimdə fəaliyyət göstərir.
|
"AtaSığorta" xidmət şəbəkəsini genişləndirir - YENİ BAKI NÜMAYƏNDƏLİYİ
11:40
23 Sen 2020