Ötən ilin sentyabrın 27-də Silahlı Qüvvələrimizin qətiyyətli əks-hücum əməliyyatları ilə başlayan Vətən Müharibəsi Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Ordumuzun böyük zəfəri ilə bitdi. Bu şanlı qələbəmiz bütöv Azərbaycan iqtisadiyyatının daha böyük uğurlarının təməlini qoydu. Qarabağın incisi olan gözəl Şuşamız, Qarabağımız dirçələcək, bütün Azərbaycanımız daha da güclənəcək.
Azad edilən torpaqlarımızda iqtisadi inkişafa öz töhfəsini vermək məqsədilə ölkənin aparıcı sığorta şirkətlərindən olan “AtaSığorta” ASC də Qarabağın incisi olan Şuşa şəhərində yeni filial açılışını planlayır.
Belə ki, cari il ərzində Şirkətin Şuşa şəhərində filialın açılaraq xidmətlərə başlanılması ilə bağlı qərar “AtaSığorta” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağında qəbul edilib.
Yeni açılacaq filialda müştərilərə yüksək səviyyədə xidmət göstərilməsi üçün lazım olan şərait və imkanlar yaradılacaqdır.
Azərbaycanda geniş filial şəbəkəsinə (14 filial, 12 nümayəndəlik və 30-dan artıq satış ofisi) malik olan “AtaSığorta” şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Şirkət müştərilərə 26 könüllü və 4 icbari növ üzrə sığorta xidmətləri təklif edir.