2020-ci ilin yanvar-may aylarında Azərbaycanın sığorta sahəsində vəziyyət açıqlanıb.
Eləcə də bax: Sığorta bazarı bir ələ toplanır, kiçik şirkətlərin işi çətinləşir - HESABAT
Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, bu dövrdə pandemiya səbəbindən bütün əsas sahələr üzrə yığımlar azalmaqdadır.
Səfər sığortası üzrə yığımlar azaldı
Məlum olduğu kimi qısa zaman ərzində bütün ölkələri, eləcə də Azərbaycanı əhatə edən pandemiya qlobal miqyasda bütün sahələrə öz təsirini göstərdi. Azərbaycan da daxil olmaqla bütün ölkələr bu virusun yayılma sürətini azaltmaq və vətəndaşlarının sağlamlığını qorumaq məqsədilə sərhədlərini bağladılar. Ölkələrin atdığı bu addım sığorta sisteminə, xüsusilə də səfər sığotasına təsirsiz ötüşmədi.
Koronavirusun yayılmasının qarşısını almaq üçün mart ayından etibarən ölkəmizdə tətbiq olunan qaydalar səfər sığortası üzrə bağlanan müqavilələrin kəskin azalmasına səbəb oldu. Belə ki, 2019-cu ilin aprel-may aylarında bu sığorta növü üzrə yığımlarda 39% artım müşahidə edildiyi halda, 2020-ci ildə 2%-lik azalma nəzərə çarpır. Səfər sığortası üzrə yığımlarda 2019-cu ilin ilk 5 ayında 2018-ci ilin eyni dövrü ilə müqayisədə 18% artım müşahidə edildiməsinə baxmayaraq, cari ilin analoji dövründə 2019-cu ilə nisbətən 47% azalma özünü göstərir. Ödənişlərdə isə yığımların əksinə ötən ilin ilk 5 ayı ilə müqayisədə bu il 47% artım var.
Avtomobillərin icbari sığortası təkcə karantin dövründə şirkətlərə problem yaratmadı
Aprel-may aylarında ölkəmizdə tətbiq olunan karantin rejimi ilə əlaqədar avtomobillərdən istifadə hallarının minimuma enməsi digər aylara nisbətən avtonəqliyyat hadisələri üzrə edilən ödənişlərin miqadarının azalması ilə nəticələndi. Bu səbədən 2020-ci ilin aprel ayında AVSMMİS üzrə edilən ödənişlərdə, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 23% azalma görmək mümkündür. May ayında da izolasiya tədbirlərinin davam etdirilməsi ay ərzində edilən ödənişlərin ötən il ilə müqayisədə 94% azalmasına səbəb oldu. Lakin buna əsasən demək olmaz ki, hazırki rəqəm il ərzində şirkətlər üçün 110% zərəli olan bir məhsul üçün müsbət göstəricidir.
Aprel və mayda həyata keçirilən məhdudlaşdırıcı tədbirlər AVSMMİS müqavilələrinin təzələnməməsi ilə nəticələndi. Beləliklə, 2020-ci ilin aprel ayında ötən ilin eyni dövrü ilə müqayisədə yığımlarda 43%-lik azalma baş verdi. Ümumən, cari ilin ilk 5 ayında isə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 18% azalma müşahidə edildi.
Daşınmaz əmlakın icbari sığortasında artım tendensiyası aşağı düşdü
Məlumdur ki,2019-cu ilin dekabr ayından 2020-ci ilin mart ayına qədər daşınmaz əmlakın icbari sığortası məhsulunda 2019-cu illə müqayəsədə 94% artım aydın şəkildə nəzərə çarpırdı. Lakin pandemiya şəraiti sığorta şirkətlərinin fəaliyyətlərinin fərqli istiqamətdə dəyişdirilməsinə səbəb oldu. Nəticədə daşınmaz əmlakın icbari sığortası üzrə satış digər aylara nisbətən kəskin şəkildə azaldı. Bu da öz növbəsində qeyd edilən dövr ərzində yığımlara təsir göstərdi. İnsanların izolasiya qaydalarına uyğun olaraq bu müddəti evlərində keçirməsi hadisələrin sayının artmasına səbəb oldu, nəticədə aprel-may ayları üzrə ödənişlərdə ötən ilin eyni dövrü ilə müqayisədə 7% artım müşahidə edildi. Ödənişlərin əksinə analoji dövr üzrə yığımlarda ötən ilin eyni dövrü ilə müqayisədə 26% azalma özünü göstərdi.
Aqrar sığortada görülən işlər öz nəticəsini göstərir
2020-ci ilin əvvəlindən etbarən Aqrar sığorta haqqında qanunun tətbiqinə başlanıldı və bu sahədə mühüm addımlar atıldı. İlk olaraq Aqrar Sığorta Fondu yaradıldı və onun fəaliyyət mexanizmi quruldu.
Artan təbii fəlakətlər və digər risklər kənd təsərrüfatı ilə məşğul olan və qazancını bu sahədən əldə edən şəxslərə çətinliklər yaradırdı. Aqrar sığorta fermerlərin təbii fəlakətlərdən və ya digər səbəblərdən yaranacaq itkilərinin qarşılanması və gəlirlərinin qorunması üçün bir mexanizmdir. Lakin fermerlərin sığorta və onun qarşıladığı zərərlər haqqında tam məlumatının olmaması sığortanın bu növünün inkişafına mane olan ən mühüm səbəb idi. Bu səbəbdən ilk olaraq fermerlərdə sığortaya olan marağın və sığorta mədəniyyətinin artırılması istiqamətində müəyyən addımlar atıldı. Nəticədə 2020-ci ilin ilk 5 ayında 2019-cu ilin eyni dövrü ilə müqayisədə “kənd təsərrüfatı heyvanlarının sığortası” üzrə yığımlarda 127%, “kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası” üzrə isə 7 dəfəyə qədər artım müşahidə edildi.