Azərbaycanın sığorta sektorunda payların iri şirkətlərin əlində cəmləşməsi kiçik şirkətlərin işini çətinləşdirir.
Eləcə də bax: Sığorta yığımlarına görə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-MAY 2020)
FED.az xəbər verir ki, bu barədə «Fitch Ratings» agentliyinin Azərbaycanın sığorta bazarı ilə bağlı hesabatında bildirilir.
Hesabatda deyilir ki, Azərbaycanın sığorta bazarında bundan sonrakı artım potensialı hökumət tərəfindən sərt şəkildə tənzimlənən tariflərdən güclü şəkildə asılıdır.
Hesabatda deyilir ki, 2019-cu ildə, Azərbaycanda qeyri həyat sığortası 7% artıb, bu 2018-ci ildəki 12%-lik artımdan daha azdır.
7%-lik artımın 5,1%-i dövlət tərəfindən tənzimlənən icbari sığortaların hesabına olub. Bura daşınmaz əmlakın icbari sığortası və avtomobil sahiblərinin məsuliyyətinin icbari sığortası aiddir.
Agentlik «Paşa» Sığorta Qrupuna işarə edib
Hesabatda deyilir ki, 2019-da şəxsi sığortalarda - bədbəxt hadisələrdən sığorta və tibbi sığorta 11% artıb. «Fitch» qeyd edir ki, şəxsi sığortalarda artım ölkənin aparıcı sığorta qrupunun ( «Paşa Sığorta və «Paşa Həyat Sığorta» nəzərdə tutulur - FED.az) hesabına baş verib. Hesabatda qeyd edilir ki, bu qrupun güclü bank sığoortası imkanları da var. Qeyd edək ki, söhbət holdinqə daxil olan «Paşa Bank» və «Kapitalbank»dan gedir.
Güzəştlərin kəsilməsi həyat sığortasına zərər vurub
Hesabatda deyilir ki, həyat sığortası Azərbaycanın sığorta bazarında böyük yer tutmasa da, 2012-2018-ci illərdə güclü inkişaf edib. 2012-2018-ci illərdə həyat sığortasında illik 49%-lik artım vergi güzəştləri ilə bağlı olub. Həyat sığortası vergidən azad idi və müqavilələr 3 illik bağlanırdı.
Amma 2019-cu ilin əvvəlindən tətbiq edilən yeni qaydalara və güzəştlərin 50% azaldılması səbəbindən bu sahədə sığorta yığımları azalıb. Bununla yanaşı, Agentlik hesab edir ki, həyat sığortası sektoru orta səviyyəli potensiala malikdir. Buna bank məhsullarının sığortası da dəstək verir.
Bazar iri şirkətlərin əlinə toplanır
Hesabatda bildirilir ki, Azərbaycanın sığorta bazarında kəskin təmərküzləşmə var. «Fitch» gözləyir ki, artan təmərküzləşmə (yəni sektorun bir ələ toplanması) sahələrin daralması kiçik sığorta şirkətlərinin işini çətinləşdirir.
Qeyd edək ki, doğrudan da hazırda Azərbaycanın sığorta sektorunun böyük hissəsi bir neçə iri şirkətin əlində cəmləşib. 2020-ci ilin ilk 5 ayının nəticələrinə görə, 355,9 milyon manatlıq sığorta yığımlarının 281 milyon manatı və ya 79%-i ilk 5 şirkətin payına düşüb. Ən kiçik 5 şirkətin bazar payı isə cəmi 1,2% təşkil edir.
Bazar sabit deyil, biznes iri müqavilələrdən asılıdır
«Fitch» gözləyir ki, Azərbaycanın sığorta bazarında gəlirin artımı çox dəyişkən olacaq. Çünki sığorta biznesi iri müqavilələrdən güclü şəkildə asılıdır.