“Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi son vaxtlar ölkənin müxtəlif ərazilərində baş verən yanğınların sığorta tərəfi ilə bağlı araşdırma aparıb.
Eləcə də bax: Meşə yanğınları turizmə nə qədər ziyan vurub? - AÇIQLAMA
FED.az xəbər verir ki, bunu ASA-nın icraçı direktoru Elmar Mirsalayev bildirib.
“Bildiyiniz kimi Şabran, Siyəzən, Quba, Xaçmaz və Qəbələ rayonlarında yanğınlar qeydə alınıb. Apardığımız araşdırmalarla bu yanğınlar nəticəsində 20-dən çox yaşayış və qeyri-yaşayış obyektinin yararsız hala düşdüyünü müəyyən etdik. Əldə etdiyimiz məlumatlara görə, həmin əmlakların heç birinin sığortası olmayıb. Bu da onu bir daha göstərir ki, yanğınlar daşınmaz əmlaklarımız üçün daim risk təşkil edir. Ona görə də, əmlakımızı sığortalamalıyıq ki, bu kimi hadisələrə görə zərərləri minimuma endirə bilək. Onu da nəzərə almalıyıq ki, bu sığorta növü ölkəmizdə icbari qaydada tətbiq edilir”, -deyə o, qeyd edib.
İcraçı direktorun sözlərinə görə, bu kimi yanğın hadisələri daşınmaz əmlaklarla yanaşı, həm də aqrar risklərin mövcudluğunu aktuallaşdırır: “Meşə yanğınlarında 4 min hektara yaxın ərazi ziyan görüb. Bura həm meşə massivləri, həm də kənd təsərrüfatına aid geniş əkin sahələri daxildir. Məlum yanğın hadisələrində kənd təsərrüfatı heyvanlarının tələf olduğunun da şahidi olduq. Bu da öz növbəsində aqrar risklərin mövcudluğunu və aqrar sığortanın vacibliyini bir daha ortaya çıxarır”. (Report)