Aqrar Sığorta Fondunun əməliyyat şirkəti “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC 2021-ci ili 497 min 880 manat xalis mənfəət ilə başa vurub. Halbuki, Şirkət təsis edildiyi 2020-ci ili 203 min 263 manat xalis zərər ilə bağlamışdı.
Eləcə də bax: Aqrar sığortada rekord göstəricilər qeydə alınıb – 9 AYIN NƏTİCƏLƏRİ AÇIQLANDI
FED.az ASC-nin maliyyə hesabatlarına istinadən xəbər verir ki “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin xidmətdən yaranan gəlirləri 2020-ci illə müqayisədə 2021-ci ildə 637 dəfədən çox artaraq 1 milyon 131 min manat təşkil edib. Şirkət 2020-ci ildə 1774 manat gəlir əldə etmişdi.
2020-ci illə müqayisədə 2021-ci ildə şirkətin əməliyyat xərcləri 3 dəfədən çox artaraq 628 min manat təşkil etsə də, gəlirlərin daha çox artması həm xərcləri bağlayıb, həm də xalis mənfəətin formalaşmasını təmin edib.
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta sistemi üzrə idarəedici şirkət – “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyətidir. “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC – Aqrar Sığorta Fondu adından aqrar sığorta sisteminin idarəedilməsini həyata keçirən kommersiya hüquqi şəxsdir.
“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC 31 avqust 2020-ci il tarixində Azərbaycanda fəaliyyət göstərən 7 sığorta şirkəti (“Azərbaycan Sənaye Sığorta” ASC, “AzSığorta” ASC, “Bakı Sığorta” ASC, “Xalq Sığorta” ASC, “Qala Sığorta” ASC, “Meqa Sığorta” ASC, “PAŞA Sığorta” ASC) tərəfindən bərabər paylarla təsis edilib.
"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-nin nizamnamə kapitalı 2 milyon 187 min 500 manatdır.
(Marja)