Azərbaycanda kənd təsərrüfatının çoxsaylı risklərdən qorunmasını həyata keçirən Aqrar Sığorta Fondunun əməkdaşı yükək elmi ada layiq görülüb.
Fondun «Aktuar və statistika» şöbəsinin müdiri Elvin Rzayev Riyaziyyat sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanmaq təşkil edilən yekun müdafiədən uğurla keçib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasının 2024-cü il dekabrın 6-da keçirilən iclasında Elvin Rzayev “Bəzi operator-diferensial tənliklərin həll olunma məsələləri və spektral xassələri” mövzusunda dissertasiya işini müdafiə edərək Diferensial tənliklər ixtisasında Riyaziyyat elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsini almağa layiq görülüb.
Elvin Rzayevin müəllifi olduğu tədqiqat işi olduqca mühüm mövzuya - sərhəd şərtlərində operatorlar iştirak edən dördüncü tərtib elliptik tip operator-diferensial tənliklər üçün sərhəd məsələlərinin həll olunma məsələlərinə aiddir. Bu səbəbdən dissertasiyanın mövzusu xüsusi elmi maraq kəsb edir, əldə edilmiş nəticələr tamamilə yenidir və bu sahənin inkişafına öz töhvəsini verməsi gözlənilir.
Dissertasiya işinin də aid olduğu diferensial tənliklər müxtəlif proseslərin dəyişmələrinin analizi, o cümlədən risklərlə bağlı məsələlərin modelləşdirilməsi və təhlili üçün güclü riyazi alətlər təmin edir. Bu səbəbdən sözügedən sahə sığorta və maliyyə risklərinin qiymətləndirilməsi və idarə edilməsində mühüm rol oynayır. Diferensial tənliklər maliyyə sektorunda çalışan aktuarilər üçün də böyük əhəmiyyət kəsb edir.
Belə ki, aktuarilər bu nəzəriyyənin metodlarından istifadə etməklə kompleks sistemlərin modelləşdirilməsi (modeling complex systems), risklərin qiymətləndirilməsi (assessing risks), maliyyə alətlərinin qiymətlərinin müəyyən edilməsi (pricing financial instruments), kəmiyyət maliyyəsinin (quantitative finance) məsələlərinin həlli və məlumatların təhlili (data analysis) zamanı riyazi dəqiqliyi çox yüksək olan əsaslandırılmış qərarlar qəbul edə bilərlər.
Əlavə olaraq qeyd edək ki, Elvin Rzayev həmçinin ABŞ Aktuarilər Cəmiyyətinin (Society of Actuaries) təşkil etdiyi aktuar riyaziyyatı imtahanlarından 3 əsas təməl mərhələ imtahanlarını da müvəffəqiyyətlə keçib və Cəmiyyətin üzvü seçilib.
Belə ki, E.Rzayev Maliyyə Riyaziyyatı imtahanı olan SOA Exam FM -Financial Mathematics və Qeyri-həyat sığortası riyaziyyatı imtahanı olan SOA Exam STAM - Short Term Actuarial Mathematics və EXAM SRM-Statistics for Risk Modelling imtahanlarını da müəvvəfəqiyyətlə keçib. Qeyd edək ki, hər üç imtahanın nəticəsi daimi xarakter daşıyır, yəni müddətsizdir.