Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun imzaladığı qərar ilə Aqrar Sığorta Fondunun nizamnamə kapitalı 1 milyon manatdan 9 milyon manata yüksəldilib.
FED.az xəbər verir ki, bu barədə Aqrar Sığorta Fondunun Nizamnaməsində dəyişiklik edilib.
Qərara görə, Maliyyə Nazirliyi 2020-ci ilin dövlət büdcəsində kənd təsərrüfatı heyvanlarının və bitkilərinin sığortalanması, habelə Aqrar Sığorta Fondunun nizamnamə kapitalının formalaşdırılması üzrə nəzərdə tutulmuş vəsaitdən 2 milyon 300 min manat məbləğində vəsaitin 10 gün müddətində Fondun təqdim etdiyi bank hesabına ödənilməsini təmin etməlidir.
Bundan başqa Maliyyə Nazirliyi Azərbaycan Respublikasının 2021-ci ilin dövlət büdcəsi layihəsində nizamnamə kapitalının ödənilməsi məqsədilə 1 milyon 700 min manat məbləğində vəsait nəzərdə tutulmasını, Fondun xeyrinə 5 il müddətinə 4 milyon manat məbləğində sadə faizsiz şərtli veksel verilməsini təmin etməli, Fondun likvidlik riski olduqda, Fondun Himayəçilik Şurasının Qərarı əsasında veksel üzrə müvafiq həcmdə ödənişi həyata keçirməlidir.