Aqrar Sığorta Fondu əkin sahələri və heyvandarlıq təsərrüfatlarının sığortalanması ilə bağlı maarifləndirmə tədbirlərini davam etdirir.
Aqrar Sığorta Fondu Şəkidə fermerlərə - SIĞORTA ÖDƏNİŞLƏRİNƏ BAŞLAYIB
FED.az xəbər verir ki, növbəti tədbir Aqrar Sığorta Fondu və Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib. «Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta» mövzusunda keçirilən tədbirdə Sabirabad rayonunda kənd təsərrüfatının müxtəlif sahələrində çalışan fermerlər iştirak edib.
Görüşdə Sabirabad rayonunda aqrar sığortanın əhəmiyyəti, faydaları və fermerlər üçün üstünlükləri barədə məlumat verilib.
Tədbirdə çıxış edən Sabirabad rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov rayonda böyük həcmdə suvarılan əkin sahələrinin, taxıl və pambıq əkinlərinin, eləcə də çoxsaylı heyvandarlıq təsərrüfatlarının olduğunu qeyd edib. Bildirib ki, fermer və sahibkarlar öz təsərrüfatlarını qorumalı, bunun üçün dövlətin əlverişli şərtlərlə təqdim etdiyi aqrar sığorta ilə təsərrüfatlarını sığorta etməlidirlər.
Aqrar Sığorta Fondunun idarə heyətinin üzvü Roman Əmircanov bildirib ki, aqrar sığorta dövlətin fermerlərə mühüm dəstək mexanizmidir və aqrar sığorta haqqının 50%-ni fermerlərə dəstək üçün dövlət ödəyir. 2023-cü ildə müşahidə olunan qeyri-sabit hava şəraiti, sel və daşqınlar səbəbindən sığorta hadisələri kəskin artıb və Aqrar Sığorta Fondu bununla bağlı ödənişlərə başlayıb.
Tədbirdə aqrar sığorta vasitəsilə əkin sahələri və heyvanların sığortalanması, hadisə baş verərkən ödəniş prosesinin detalları ilə bağlı geniş məlumat verilib. Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Heydər Yaqubov rayonda aqrar sığortanın tətbiqi və ondan istifadə ilə bağlı təkliflərini bildirib.
Müzakirələr zamanı fermerlər pambıq əkinlərinə dəyən zərər, onun ödənişi, gələcəkdə pambıq sahələrinin daha geniş risklərdən sığorta olunması ilə bağlı sual və təkliflərini səsləndiriblər.