Aprelin 17-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsini keçirilib.
FED.az xəbər verir ki, DİM-dən bildirilib ki, imtahan Mərkəzin Nəsimi rayonu, Ə.Salamzadə, 28 ünvanında yerləşən inzibati binasında elektron qaydada keçirilib. Saat 10:00-da başlanan imtahan 3 saat davam edib.
Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda onun nəticələrinə dair arayış təqdim olunub.
İkinci mərhələ üzrə test imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 18 namizədin hamısı imtahana gəlib. Onlardan 14 nəfər 84 və daha yüksək bal toplayaraq imtahandan uğur qazanıb. 5 nəfər kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının sığortası üzrə, 9 nəfər isə kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspert sertifikatı əldə edib.
Qeyd edək ki, imtahanın II mərhələsi üzrə toplanması mümkün olan ümumi (maksimal) bal 120-dir.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 19-20 aprel tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası).(azertac)