A-Qroup Sığorta Şirkətinin Direktorlar Şurası beynəlxalq və Azərbaycanın qabaqcıl maliyyə təşkilatlarının təcrübəsinə əsaslanaraq, şirkətin gələcək inkişafının ümumi kursu və prioritetlərini müəyyən etmək məqsədilə Təşkilati və Dayanıqlı İnkişaf Komitəsini yaradıb.
"A-Qrup" avto icbari sığortanı daha da asanlaşdırdı - ONLAYN SATIŞ BAŞLADI
FED.az xəbər verir ki, komitə, sığortanın bütün seqmentləri və növləri üzrə şirkətin dayanıqlı inkişaf prinsiplərinin tətbiqi və onların təcrübi baxımdan reallaşdırılmasına nəzarətin həyata keçirilməsi üzrə əsas koordinasiya orqanı hesab edilir. Bundan əlavə Komitənin əsas vəzifələrinə A-Qroup Sığorta Şirkətinin fəaliyyətinin maliyyə baxımdan təhlili, icra edilən biznes proseslərinin rəqəmsallaşdırılması, bazarın araşdırılması, sığorta bazarında şirkətin mövqeyinin dəstəklənməsi, möhkəmləndirilməsi və gələcək inkişafı, həmçinin biznesin maliyyə nəticələrinin yüksəldilməsi istiqamətində işlərin təşkili və genişləndirilməsi üçün zəruri olan digər tədbirlər daxildir.
Komitədə görüləcək işlər şirkətin dayanıqlı inkişafı üçün risklərin və mövcud imkanların araşdırılması, təhlili və onların mərkəzləşdirilmiş şəkildə idarə edilməsi, şirkətin işgüzar nüfuzunun möhkəmləndirilməsi, investisiya cəlbediciliyi və maraqlı tərəflərlə əlaqələrin daha da gücləndirilməsinə imkan verəcəkdir.
28 ildir ki, A-Qroup Sığorta Şirkətinin fəaliyyətində əsas prioritet məsələ müştəriyə istiqamətlənmək olmuşdur. Komitə öz vəzifələrində həm də müştərilər üçün ən yaxşı şəraitin yaradılması, xidmət keyfiyyətinin yüksəldilməsinə təsir edəcək uzunmüddətli dayanıqlı inkişafa yönəlmişdir.
A-Qroup Sığorta Şirkətinin Direktorlar Şurası bu təşəbbüslərin vacibliyini dəstəkləyərək, Məmməd Atakişiyevi Sığorta Şirkətinə Təşkilati və Dayanıqlı İnkişaf üzrə Direktor vəzifəsinə dəvət etmişdir ki, o, eyni zamanda Təşkilati və Dayanıqlı İnkişaf üzrə Komitəyə də rəhbərlik edəcəkdir.
Qeyd edək ki, Məmməd Atakişiyev maliyyə sektorunda böyük təcrübə sahibidir. Belə ki, o, müxtəlif illərdə aşağıdakı vəzifələrdə çalışmışdır: Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası İdarə Heyətinin sədrinin müşaviri, “AzeriKard” bank prosessinq mərkəzinin Baş direktorunun müavini; eləcə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “Elektron Hökumət Dövlət İnformasiya Sistemi” (EHDİS) layihəsinin rəhbəri, B.EST Solutions MMC (“Asan İmza” mobil elektron imzanın operatoru) şirkətinin direktoru olmaqla, strateji əhəmiyyətli innovativ dövlət və PPP (Public Partner Partnership) layihələrinə rəhbərlik etmişdir.
Bildirək ki, Məmməd Atakişiyevin tibb sahəsində təcrübəsi onun bu sahəyə cəlb olunmasında mühüm rol oynamışdır. Belə ki, o, MediClub klinikalar şəbəkəsində Baş direktorun müavini, Respublika Diaqnostika Mərkəzində (RDM) Baş direktorun müavini vəzifələrində də çalışmışdır. Maliyyə və tibb sahəsindəki əməliyyat bilikləri, A-Qroup Sığorta Şirkətinin Direktorlar Şurasının Məmməd Atakişiyevin xeyrinə səs verməyinə təsir etmişdir.