2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda sığorta şirkətlərinin ümumi sığorta haqları 358 milyon 771,1 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 5,8% çoxdur.
Eləcə də bax: Azərbaycanın sığorta bazarı - 6% BÖYÜYÜB
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 267 milyon 745 min manat (artım 20,4%) və ya bazar üzrə bütün sığorta haqlarının 74,6%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 146 milyon 376,3 min manat (artım 35,2%), qeyri-həyat sığortası üzrə sığorta haqları 121 milyon 368,7 min manat (artım 6,3%) təşkil edib.
İcbari sığorta növləri üzrə sığorta haqları 91 milyon 26,1 min manat (azalma 22%) təşkil edib.
Hesabat aylarında sığortaçılar könüllü tibbi sığorta (72 milyon 792,9 min manat), həyatın yaşam sığortası (136 milyon 694,3 min manat) və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (30 milyon 210,4 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. Bu üç sığorta növü üzrə sığorta haqları sığortaçıların daxilolmalarının 66,8%-ni təmin edib.
Yanvar-aprel ayları ərzində sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 93 milyon 417,5 min manat yönəldiblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,9 dəfə azdır.
Bu dövrdə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 62 milyon 350,6 min manat (azalma 2,1 dəfə) və ya bazar üzrə bütün ödənişlərin 66,7%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 30 milyon 276,2 min manat (azalma 3,3 dəfə), qeyri-həyat sığortası üzrə ödənişlər 32 milyon 74,4 min manat (artım 11,4%) məbləğində olub.
Yanvar-aprel aylarında icbari sığorta növləri üzrə ödənişlər 31 milyon 66,9 min manat (azalma 38,4%) təşkil edib.
Hesabat dövründə sığortaçılar avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (28 milyon 352,5 min manat), həyatın yaşam sığortası (29 milyon 132,6 min manat) və könüllü tibbi sığorta (25 milyon 484,1 min manat) üzrə daha çox ödəniş həyata keçiriblər. Yanvar-aprel aylarında həyatın yaşam sığortası üzrə ödənişlər 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4 dəfə azalıb.
Bütövlükdə, hesabat dövründə bu üç sığorta növü üzrə ödənişlər bazar üzrə bütün ödəmələrin 88,8%-ni təmin edib.
Aprel ayının sonuna Azərbaycanda 20 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malik olub. (İnterfaks-Azərbaycan)