Bu ilin yanvar-iyun aylarında İcbari Sığorta Bürosu (İSB) sığortası olmayan, eləcə də naməlum və yaxud oğurlanmış avtonəqliyyat vasitələrinin sağlamlığına zərər yetirdiyi ölkə vətəndaşlarına (və yaxud onların ailə üzvlərinə) ümumilikdə 329 325 manat məbləğində kompensasiya ödəyib.
FED.az İSB-yə istinadən xəbər verir ki, ödənişlərin 233 750 manatı ölüm halları, 16 200 manatı şəxsin ağır xəsarət alması, 53 750 manatı şəxsin az ağır xəsarət alması, 17 500 manatı şəxsin əlillik dərəcəsi alması, 8125 manatı isə yüngül dərəcəli xəsarətlərlə bağlı olub.
Hesabat dövrü ərzində İSB 181 kompensasiya tələbini nəzərdən keçirib və bunlardan 126 üzrə kompensasiya ödənişlərinin verilməsinə dair müsbət qərar qəbul edib.
Xatırladaq ki, kompensasiya ödənişi yalnız sağlamlığa dəymiş zərər üzrə və aşağıdakı hallarda həyata keçirilir:
1. vətəndaşın (3-cü şəxsin) sağlamlığına hadisə anı üçün qüvvədə olan icbari sığorta müqaviləsi olmayan, naməlum və ya oğurlanmış avtonəqliyyat vasitəsi ilə zərər vurulduqda;
2. üçüncü şəxsin sağlamlığına dəymiş zərər zərərvuranın mülki məsuliyyətini sığortalamış sığorta şirkəti tərəfindən ödənilmədikdə.
Kompensasiya tələb etmək və almaq hüququna zərərçəkən 3-cü şəxs (yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkən fiziki şəxslər – fiziki şəxs öldüyü halda onun ailə üzvləri) malikdir. Kompensasiya ödənişi ilə bağlı Büroya müraciət edərkən sağlamlığa zərərin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarının olması mütləqdir.