2021-ci ildə Azərbaycanda sığorta şirkətlərinin ümumi sığorta haqları 843 milyon 897,3 min manat təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 15,8% çoxdur.
Eləcə də bax: Sığorta şirkətlərinin 2021-ci ildəki yığımları və ödənişləri açıqlandı - SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı “İnterfaks-Azərbaycan”a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 586 milyon 594,6 min manat (artım 16,7%) və ya bazar üzrə bütün sığorta haqlarının 69,5%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 319 milyon 601,9 min manat (artım 27,9%), qeyri-həyat sığortası üzrə sığorta haqları 266 milyon 992,7 min manat (artım 5,5%) təşkil edib.
2021-ci ildə icbari sığorta növləri üzrə sığorta haqları 257 milyon 302,7 min manat (artım 13,9%) təşkil edib.
Hesabat aylarında sığortaçılar həyatın yaşam sığortası (272 milyon 925,4 min manat), könüllü tibbi sığorta (102 milyon 649,6 min manat) və avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (99 milyon 566,1 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. Hesabat dövründə bu üç sığorta növü üzrə sığorta haqları sığortaçıların daxilolmalarının 56,3%-ni təmin edib.
2021-ci il ərzində sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 458 milyon 726,3 min manat yönəldiblər ki, bu da 2020-ci ilin göstəricisindən 1,4% azdır.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 339 milyon 265,5 min manat (azalma 10,4%) və ya bazar üzrə bütün ödənişlərin 74%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 235 milyon 714,5 min manat (azalma 15,9%), qeyri-həyat sığortası üzrə ödənişlər 103 milyon 551,1 min manat (artım 5,3%) məbləğində olub.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlər 119 milyon 460,8 min manat (artım 38,2%) təşkil edib.
Bu dövrdə sığortaçılar həyatın yaşam sığortası (231 milyon 719,4 min manat), könüllü tibbi sığorta (78 milyon 944,4 min manat) və avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (74 milyon 98,6 min manat) üzrə daha çox ödəniş həyata keçiriblər. Bütövlükdə, hesabat dövründə bu üç sığorta növü üzrə ödənişlər bazar üzrə bütün ödəmələrin 83,9%-ni təmin edib.
2021-ci ilin sonuna Azərbaycanda 20 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malik olub.