"Naxçıvan Sığorta” ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətinin 2018-ci ildə məcmu gəlirləri 636,793 mln. manat təşkil edib.
FED.az xəbər verir ki, bu, 2017-ci ilə nisbətən 3,1% çoxdur.
Hesabat ilində sığortaçıların məcmu xərcləri isə 1,05% azalaraq 557,431mln. manat olub. Şirkətlərdən 10-nun gəlirləri, elə 10-nun da xərcləri artıb.
Ötən ilin yekununda sığortaçıların ümumi maliyyə mənfəəti 79,362 mln. manat olub ki, bu da əvvəlki illə müqayisədə 45,7% çoxdur. 8 şirkətdə (“A-Qrup Sığorta”, “Atəşgah Həyat Sığorta”, “Azərsığorta”, “Bakı Sığorta”, “Qala Həyat Sığorta”, “Xalq Sığorta”, “PAŞA Sığorta” və “PAŞA Həyat Sığorta” ASC-lər) maliyyə mənfəəti artıb, 5 şirkətdə (“Amrah Sığorta”, “Atəşgah Sığorta”, “Günay Sığorta”, “Meqa Sığorta” və “İpək Yolu Sığorta”) isə azalıb. 3 şirkət (“Atasığorta”, “Azərbaycan Sənaye Sığorta” və “Standard Insurance” Sığorta Şirkəti ASC) maliyyə zərərinə uğrayıb, (həmin şirkətlər əvvəlki il maliyyə mənfəəti əldə edib), 4 şirkət (“AXA Mbask” Sığorta Şirkəti, “Azsığorta”, “Qala Sığorta” və “Rəvan Sığorta” ASC-lər) isə maliyyə zərərindən maliyyə mənfəətinə keçib.
2018-ci ildə sığorta şirkətləri 17,582 mln. manat məbləğində mənfəət vergisi ödəyib. Bu, 2017-ci ilə nisbətən 52,1% çoxdur.
Ötən il 20 şirkətdən 6-sı vergi ödəməyib ki, bunlardan 3-ü (“Atəşgah Sığorta”, “Azərbaycan Sənaye Sığorta” və “Standard Insurance”) zərər etmiş şirkətlərdir. 2018-ci ildə mənfəətlə işləməsinə baxmayaraq vergi ödəməmiş 3şirkət isə “Amrah Sığorta”, “Azsığorta” və “Rəvan Sığorta”dır. Bunlardan ilk 2-si 2017-ci ildə də mənfəətlə işləməsinə baxmayaraq vergi ödəməyib.
Ötən ilin yekununda Azərbaycan sığortaçılarının ümumi xalis mənfəəti isə 61,78 mln. manat olub. Bu da əvvəlki illə müqayisədə 44% çoxdur. 2017-ci ildə maliyyə mənfəətini 8 şirkət həm də xalis mənfəətini artırıb. Maliyyə mənfəəti azalmış 5 şirkətin həm də xalis mənfəəti azalıb.