Azərbaycanda metal konstruksiyalar və ehtiyat hissələrinin istehsalı-satışı ilə məşğul olan «Zəyəm Texnologiyalar Parkı» ASC 2021-ci ili böyük zərərlə başa vurub.
FED.az xəbər verir ki, bu barədə şirkətin öt ən ilin nəticələrinə həsr olunan hesabatında bildirilir.
Hesabata əsasən ötən il ASC-nin əsas əməliyyat gəlirləri əvvəlki illə müqayisədə 6 milyon manat və ya 2,4 dəfə artaraq 4 milyondan 10 milyon manata yüksəlib. Amma satışın maya dəyəri daha sürətlə artıb, bu göstərici 6 milyondan 15,7 milyon manata yüksəlmib, yəni 2,6 dəfə artıb.
Nəticədə Şirkət 2020-ci ildə cəmi 1,9 milyon manat əməliyyat zərəri etmişdisə, 2021-ci ildə bu göstərici 5,6 milyon manata yüksəlib.
Şirkətin 224 min manatlıq sair gəlirləri qarşılığında 91 min manat kommersiya xərsləri, 129 min manat inzibati xərcləri, 158 min manat maliyyə xərcləri yaranıb.
Nəticədə «Zəyəm Texnologiyalar Parkı» ili 5,8 milyon manat xalis zərərlə bitirib. Bu əvvəlki illə müqayisədə 2,1 dəfə çoxdur, 2020-də şirkət 2,7 milyon manat zərər etmişdi.
Qeyd edək ki, «Zəyəm Texnologiyalar Parkı»ının belə böyük zərər etməsi böyük ehtimalla şirkətin özü üçün də gözlənilməz olub. Məsələ bundadır ki, ötən il «Zəyəm Texnologiyalar Parkı»ı səhmlərinin bir hissəsini satışa çıxaranda gələcək səhmdarlarına elan etmişdi ki, 2021-ci ili 321 min manat mənfəətlə başa vuracaq. Amma göründüyü kimi, mənfəət əvəzinə ondan 18 dəfə artıq zərər zərər görüb.
31 dekabr 2021-ci il tarixinə ASC-nin cəmi aktivləri 16,5% artaraq 16,993 milyon manata çatıb, cəmi öhdəlikləri isə 2,3 dəfə azalaraq 7, 201 milyon manata enib.
Qeyd edək ki, «Zəyəm Texnologiyalar Parkı» ötən il nizamnamə kapitalını 18 milyon manat artırsa da, 8,513 milyon manat yığılmış zərərin (3,1 dəfə çox) qarşılanması ümumilikdə şirkətin cəmi kapitalını 9,791 milyon manata qədər azaldıb.
2021-ci ildə «Zəyəm Texnologiyalar Parkı»ın əsas sahibi olan «Azmade Qrup»un payı azalıb. Belə ki, 2020-ci ilin sonunda «Azmade Qrup» şirkətdə 97,06% paya malik olsa da, (2,94% fiziki şəxslərə məxsus idi), 2021-ci ilin sonunda «Azmade Qrup»un 81%-ə enib, fiziki şəxslərin payı isə 19%-ə yüksəlib.