Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi 4 ünvanında yerləşən zavodun rəngləmə sexinin fəaliyyətini dayandırıb.
FED.az xəbər verir ki, bu barədə FHN-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, zavodda plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, aşkar edilmiş nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
“Yanğın təhlükəsizliyi haqqında” Qanunun 25-ci maddəsinin 9-cu və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndinin tələblərini rəhbər tutaraq sexdə işlərin dayandırılması barədə qərar qəbul edilib.