“AzerGold” QSC törəmə şirkətləri – “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC ilə birlikdə hasilatçı şirkətdən çoxprofilli sənaye subyektinə çevrilib.
FED.az xəbər verir ki, bunu Naxçıvan Geologiya-Mədənçilik Forumunun rəsmi açılış mərasimində çıxış edərkən QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.
Onun sözlərinə görə, regionun ən nəhəng dəmir filizi yataqları kompleksi olan “Daşkəsən” dəmir filizi sahəsi “Daşkəsən Dəmir Filiz”in böyük investisiya tələb edən irimiqyaslı layihəsidir. Layihənin investisiya dəyəri təqribən 1,2 milyard ABŞ dolları dəyərində proqnozlaşdırılır.
“Qarşıdakı illərdə “Daşkəsən” dəmir filizi yataqlarının effektiv istismarı yerli polad istehsalçılarının yüksək keyfiyyətli yerli xammalla təmin olunması, metallurgiya sənayesinin idxaldan asılılığının azaldılması məqsədi daşıyır. Meqalayihə ölkənin makroiqtisadi göstəricilərinə müsbət təsirlər vəd edir. Dəmir yataqlarının istismara verilməsi ilə növbəti 19 ildə ÜDM-ə 13,2 milyard dollar dəyərində töhfənin verilməsi hədəflənir”, - Zakir İbrahimov qeyd edib.
İdarə Heyətinin sədri əlavə edib ki, layihənin aktiv fazasında fəaliyyətin birbaşa (1650 nəfər) və dolayı (2350 nəfər) effekti nəzərə alınmaqla 4000 nəfərdən çox vətəndaş üçün yeni iş yerlərinin yaradılması ilə bölgədə əhalinin məşğulluğuna ciddi töhfələrin verilməsi gözlənilir. Layihənin aktiv fazaya keçməsi ilə Gəncə-Daşkəsən iqtisadi rayonunun ölkəmizin ümumi iqtisadi göstəricilərdə payı əhəmiyyətli dərəcədə artacaq. (Vergiler.az)