Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının inkubator-rezidenti olan “SmFreshOil” brendinin sahibi, “ABAD”çı Maya Səbzəliyeva qadınların sahibkarlıq fəaliyyətinə təşviq olunması və onlara dəstək məqsədilə həyata keçirilən “Biznesdə qadınların gücü” layihəsinin mükafatına layiq görülüb.
“Biznesdə qadınların gücü” layihəsi başa çatdı - FOTOLAR
Bu barədə FED.az-a Yüksək Texnologiyalar Parkından məlumat verilib. Bildirilib ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Rabitəbank” ASC-nin birgə təşkilatçılığı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və “Marsol Group”un tərəfdaşlığı ilə keçirilən müsabiqədə M.Səbzəliyeva 1-ci yerin qalibi olaraq 5 min manat pul mükafatı qazanıb. Bu mükafat ona “SmFreshOil” brendini inkişaf etdirdiyinə görə verilib.
Tədbir çərçivəsində qadın sahibkarların məhsullarından ibarət kiçik sərgi də təşkil olunub.
Qeyd edək ki, 2022-ci ilin noyabr ayından start götürmüş layihədə iştirak etmək üçün 134 qadın sahibkar müraciət edib. Onların arasından müvafiq meyarlara uyğun olan, sənaye, kənd təsərrüfatı, ticarət və xidmət sahələrində fəaliyyət göstərən 23 iştirakçı seçilib. Layihə müddətində qadın sahibkarlar biznes biliklərinin artırılması üçün 10-dək müxtəlif təlimlərə cəlb edilib, onlara məsləhət xidməti və mentor dəstəyi göstərilib.