Azərbaycanda artıq ilin sonunadək yeni pambıq emalı zavodu işə düşəcək, bundan başqa, ölkədə yeni müasir tekstil fabrikinin qurulması gözlənilir.
FED.az xəbər verir ki, bunu «Azərbaycan Sənaye Korporasiyası» ASC-nin baş direktoru Kamran Nəbizadə dekabrın 19-da Prezident İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirədə deyib.
Eləcə də bax: İlham Əliyevin yanında iqtisadi müşavirə - TAM MƏTN
K.Nəbizadə deyib ki, "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin törəmə müəssisəsi olan "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC 2018-ci ilin mayında təşkil olunub. MMC-yə 6 pambıq emalı zavodu, 6 pambıq tədarükü məntəqəsi, 1 yağ emalı zavodu və Biləsuvar rayonunda 2 min hektarda yerləşən pivot suvarma qurğuları ilə təchiz edilmiş təcrübə-sınaq mərkəzi aiddir. Cəmiyyət tərəfindən 2019-cu ildə 4481 fermerlə müqavilə imzalanıb, 29 min hektar sahədə pambıq əkilib.
"Azərbaycan Sənaye Korporasiyası" ASC bu ərazilərdə tədbirlər planı, o cümlədən rayonlar üzrə əməliyyat planı və aqrotexniki xəritələr hazırlanıb. Fermerlərin elektron reyestri yaradılıb, pambıq əkilmiş sahələr ölçülərək xəritələnib və vahid coğrafi məlumat bazası yaradılıb.
Bundan başqa, "Azərkosmos" ASC-yə məxsus "Azərsky" peykinin təsvirləri əsasında pambıq əkini sahələrinin monitorinqi aparılıb. Paralel olaraq maddi-texniki baza da gücləndirilib: «Biz, bu iki il ərzində "Azərpambıq" MMC-nin istifadəsinə 753 texnika, o cümlədən 45 kombayn, 201 traktor və 507 müxtəlif təyinatlı qoşqular vermişik ki, bunlar da məhsuldarlığın artmasına təsir edir».
Müəssisədə uçot sistemi qurulub. Bu elektron sistem üzərindən maliyyə menecmenti, insan resurslarının idarə edilməsi, satınalma, satış, istehsal və digər biznes proseslərin müvafiq modullar vasitəsilə avtomatlaşdırılmış rejimdə həyata keçirilməsi təmin edilir. Əlavə olaraq maliyyə axınları üzərində mərkəzləşdirilmiş nəzarətin və şəffaflığın təmin edilməsi üçün elektron bankçılıq platforması tətbiq olunub.
Hazırda pambıq tədarükü mövsümü yekunlaşıb və pambığın emalı prosesi başlayıb. K.Nəbizadə bildirib ki, 2018-ci ildə 29 min hektarda əkin aparılıb və 56600 ton xam pambıq əldə edilib. Bu il isə əkin sahələrinin miqdarı eyni qalsa da, 80 min ton xam pambıq yığılıb: «İlin əvvəlində hektardan 25 sentnerə yaxın xam pambıq yığmağı proqnozlaşdırmışdıq, artıq bizim nəticəmiz 27,6 sentner təşkil edir».
Emal zavodlarının istismara buraxılışı əsasən 2004-2008-ci illəri əhatə etdiyindən onların modernləşdirilməsi və yenidən qurulmasına ciddi tələbat var. Bu məqsədlə ilkin olaraq "Azərpambıq" MMC-nin vəsaiti hesabına Ağcabədi rayonunda günlük emal gücü 200 ton xam pambıq olan yeni pambıqtəmizləmə zavodu demək olar ki, sıfırdan quruldu və bu ayın sonunadək istismara veriləcək. Bu da imkan verəcək ki, yığdığımız 80 min xam pambığı tam emal edək.
Mahlıcın keyfiyyətini yüksəltmək məqsədilə Ağcabədi, Beyləqan, Biləsuvar, Saatlı zavodları qaz və qurutma qurğuları ilə təmin edilib. Gələcək illərdə tələbata görə mövcud zavodların modernizasiyası və ya yenilənməsi planlaşdırılır. Görüləcək işlər yüksəkkeyfiyyətli və rəqabətli mahlıc və yağ istehsalına imkan verəcək.
Korporasiya Azərbaycanda müasir tekstil fabrikinin qurulmasına da hazırlaşır. K.Nəbizadənin sözlərinə görə, fabrikin yaradılması mahlıcın son məhsula çevrilməsini, əlavə dəyərin yaradılmasını, gəlirlərimizin artmasını təmin edəcək: «Pambıq mahlıcından yüksəkkeyfiyyətli iplik və parça istehsalının təşkili həm dəyər zəncirinin artmasına, həm də yeni iş yerlərinin yaranmasına xidmət edəcək. Hazırda bu istiqamət üzrə işlər gedir, araşdırmalar və hesablamalar aparılır».
«Artıq yeni mövsümə hazırlıq işlərinə başlanılıb. Hazırda 2661 fermerlə müqavilə imzalanıb. Bu, 16 min hektar sahəni əhatə edir. Biz 9700 hektarda çöp doğrama işləri aparmışıq və 7300 hektarda şum işləri aparılıb.