Oktyabrın 27-də İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyində olan Hacıqabul Sənaye Məhəlləsində "Penoplex Prikavkazye" MMC-nin istilik izolyasiya lövhələrinin istehsalı müəssisəsinin açılış mərasimi keçirilib.
Hacıqabul Sənaye Məhəlləsində yeni müəssisə - 1500 YENİ İŞ YERİ AÇILIR
FED.az xəbər verir ki, müəssisənin səhmdarı Andrey Katkov innovativ texnologiya əsasında müəssisədə istilik izolyasiya lövhələrinin istehsalının həyata keçirildiyini və istehsal prosesində xammal kimi ümumi təyinatlı polistiroldan istifadə edildiyini bildirib. Qeyd edib ki, 100 faiz Rusiya kapitalı olan müəssisənin investisiya dəyəri 18,4 milyon manat təşkil edir. Onun sözlərinə görə, illik istehsal gücü 100 min kubmetr olan müəssisədə istehsal olunan məhsulların 60%-nin daxili bazara, 40%-nin isə xarici bazara satılması planlaşdırılır.
İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev bildirib ki, Sənaye Məhəlləsinin 6,7 hektar ərazisində inşa edilmiş müəssisə dövlət vəsaiti hesabına hazır infrastrukturla (qaz, işıq, su, kanalizasiya, yol) təmin olunub. Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş “İnvestisiya” təşviq sənədi sayəsində texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 12,9 milyon manat vəsaitə qənaət (gömrük rüsumu və ƏDV) edilib. Qeyd edib ki, Hacıqabul Sənaye Məhəlləsi mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə dövlət başçısının 2017-ci il 25 iyul tarixli Sərəncamı ilə yaradılıb. 200 nəfərdən çox insanın daimi işlə təmin edildiyi Sənaye Məhəlləsində ümumi investisiya həcmi 163 milyon manatdan çox olan 14 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib və bunlardan 8-i artıq fəaliyyətə başlayıb. Mövcud layihələr üzrə əlavə olaraq Sənaye Məhəlləsinə 120 milyon manata yaxın investisiyanın yatırılması, 1500-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur.
Hacıqabul Sənaye Məhəlləsində məhsul istehsalında müsbət dinamika özünü göstərir. Belə ki, 2023-cü ilin 9 ayında Sənaye Məhəlləsində 51 milyon manata yaxın məhsul istehsal edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 97% artım (2022-ci ilin 9 ayında 25,8 milyon manatlıq məhsul istehsal edilib) deməkdir.
Vurğulanıb ki, indiyədək Sənaye Məhəlləsinin rezidentləri tərəfindən 95 milyon manata yaxın məhsul istehsal olunub ki, bunun da 1 milyon manatlıq hissəsi ixracın payına düşür.
Elşad Nuriyev əlavə edib ki, burada istehsal olunan məhsullar işğaldan azad edilən ərazilərdə aparılan tikinti-bərpa işlərində istifadə ediləcək. (Azərtac)