Xocalı rayonunun Ballıca kəndi ərazisində yerləşən “Accurate Az” MMC bölgədə fəaliyyət göstərən iri istehsal müəssisələrindən biridir.
Cəbrayılda siqaret istehsal ediləcək
FED.az xəbər verir ki, müəssisə Türkiyə, İsveçrə, Almaniya, İtaliya, Çin və Yaponiyanın qabaqcıl texnologiya və avadanlıqları ilə təchiz olunub. Burada ildə 20 çeşiddə 240 min ədəd ofis mebeli və 4 milyon ədəd mebel aksessuarı istehsal ediləcək.
Bildirilib ki, məhsulların 60 faizi ixraca, 40 faizi isə daxili bazara yönəldiləcək. Xammaldan hazır məhsula qədər ofis mebeli istehsalının bütün mərhələləri müəssisədə həyata keçiriləcək.
Məlumata görə, layihənin ümumi dəyəri 20 milyon manat təşkil edir. Layihənin icrası üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 7 milyon manat güzəştli kredit ayrılıb. Müəssisə işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün tətbiq olunan güzəştlərdən yararlanıb.
Müəssisənin ofis meneceri Mübariz Muradov bildirib ki, fabrik ofis mebelləri, kreslolar və müxtəlif aksesuarların istehsalı ilə məşğuldur. Onun sözlərinə görə, müəssisə Türkiyə, Almaniya, Çin, Yaponiya və İsveçdən gətirilmiş müasir avadanlıqlarla təchiz olunub:
“Hazırda illik istehsal gücümüz 240 min ofis kreslosu və 4 milyona yaxın aksesuar təşkil edir. Əsas hədəfimiz məhsulların 60 faizini xarici bazarlara, 40 faizini isə yerli bazara yönəltməkdir. Müəssisəmizdə hazırda 100-ə yaxın əməkdaş çalışır, yaxın gələcəkdə bu sayın 450 nəfərə çatdırılması planlaşdırılır”.
Qeyd olunub ki, müəssisə “Xocalıdan dünyaya” şüarı ilə fəaliyyət göstərir və əməkdaşların əksəriyyəti Xocalı sakinləridir. (Apa)















