Prezident İlham Əliyevin iştirakı ilə Xocalı rayonunun Ballıca kəndində açılışı olan “Accurate Az” MMC-nin istehsal etdiyi malların 60%-i xaricə ixrac ediləcək.
FED.az xəbər verir ki, “Accurate Az” MMC-nin direktor müavini Zaur Əliyev bildirib ki, müəssisə Türkiyə, İsveçrə, Almaniya, İtaliya, Çin və Yaponiyanın qabaqcıl texnologiya və avadanlıqları ilə təchiz olunub. Burada ildə 20 çeşiddə 240 min ədəd ofis mebeli və 4 milyon ədəd mebel aksesuarı istehsal ediləcək. Məhsulların 60 faizi ixraca, 40 faizi daxili bazara yönəldiləcək.
Ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsində 80 nəfər üçün daimi iş yeri yaradılıb. Növbəti mərhələlərdə isə 450 daimi iş yerinin yaradılması planlaşdırılır.
Xammaldan hazır məhsula qədər ofis mebeli istehsalının bütün mərhələləri müəssisədə həyata keçiriləcək. Layihənin ümumi dəyəri 20 milyon manat təşkil edir ki, bunun reallaşdırılması üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 7 milyon manat güzəştli kredit verilib. Müəssisə, həmçinin işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün tətbiq olunan güzəşt və stimullardan yararlanıb.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətinə mənfəət, gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən azaddırlar. Həmçinin bu ərazilərdə rezidentlər tərəfindən iqtisadi fəaliyyət sahələri üzrə idxal olunan texnika, texnoloji avadanlıq və qurğular, xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV və gömrük rüsumundan azaddır.










