Artıq Ələt Azad İqtisadi Zonasında bir neçə şirkət qeydiyyatdan keçib və onlardan 3-ü öz müəssisələrinin inşasına başlayıb.
Ələt Azad İqtisadi Zonasında tikiləcək zavodda 300-dən çox iş yeri yaradılacaq - FOTOLAR
FED.az xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 3 şirkət isə layihələndirmə işlərini başa çatdırmaq üzrədir: "Həmin şirkətlər bu ilin sonu və ya gələn ilin əvvəli inşaat işlərinə başlayacaq. Eyni zamanda başqa şirkətlərlə də danışıqlar aparılır".
Qeyd edək ki, Ələt Azad İqtisadi Zonasının yaradılması barədə qərar 2017-ci ildə, bununla bağlı müvafiq qanun isə 2018-ci ildə qəbul edilib. Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq 2021-ci il iyulun 1-də Prezident İlham Əliyevin iştirakı ilə Ələt Azad İqtisadi Zonasının təməli qoyulub. Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektardır
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında və qlobal nəqliyyat dəhlizlərinin üzərində strateji coğrafi mövqeyə malik iqtisadi zonada yaradılan əlverişli şərait, o cümlədən nadir qanunvericilik bazası, fiskal və qeyri-fiskal imtiyazlar zərfi, zəruri infrastruktur və mühəndis-kommunikasiya sistemləri ilə təmin edilmiş sənaye torpaq sahələri, nəqliyyat-logistika mərkəzləri və digər perspektivlər investorlar üçün davamlı regional üstünlük yaradacaq və Ələt Azad İqtisadi Zonasını regional investisiya mərkəzinə çevirəcək.
Bu iqtisadi zonada investorlar üçün aşağıdakı fiskal və qeyri-fiskal imtiyazlar tətbiq edilir:
- İnvestorlar əlavə dəyər vergisi, ödəmə mənbəyində vergi, mənfəət vergisi və hər hansı digər korporativ vergidən azaddırlar;
- Zonada idxal və ixrac zamanı gömrük rüsumları və vergilər tətbiq olunmur;
- Aylıq əməkhaqqı 8 min manata qədər olan işçilər üçün gəlir vergisi tətbiq olunmur;
- Yüksəkixtisaslı əcnəbi işçilər üçün sosial sığorta ödənişləri könüllü, yerli işçilər üçün isə məcburi xarakter daşıyır;
- Əcnəbi hüquqi və fiziki şəxslərin Ələt Azad İqtisadi Zonasında mülkiyyət sahibi olmasına heç bir məhdudiyyət qoyulmur;
- Xarici investorlar üçün yerli tərəfdaş və səhmdar tələbi yoxdur;
- Valyuta əməliyyatları və ya mənfəətin repatriasiyasında heç bir məhdudiyyət yoxdur;
- İnvestorların əmlakı heç bir halda milliləşdirilə bilməz və Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumu investorların əmlakını bu və ya digər məhdudiyyətlərdən qorunmasına təminat verir;
- Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumu, həmçinin investorların əqli mülkiyyət hüquqlarının tam qorunmasına təminat verir. (Report)