Azərbaycanlı iş adamı, Rusiyanın «Lukoyl» şirkətinin sahibi Vahid Ələkbərov, Azərbaycanda ilk dəfə qeyri-neft və qeyri-maliyyə sektoruna yatırım edib.
Eləcə də bax: Vahid Ələkbərov “Lukoyl”dan getməsinin səbəbini açıqlayıb
FED.az xəbər verir ki, Rusiyada yaşayan iş adamı İsmayıllıda yerləşən «İsmayıllı-Şərab-2» ASC-nin səhmlərini alıb.
Xatırladaq ki, “İsmayıllı Şərab-2” ASC İsmayıllının Hacı Hətəmli kəndində 300 hektar əraziyə, bundan 250 hektar üzüm bağına və şərab istehsalı müəssisəsinə sahibdir. Bundan başqa, təsərrüfatda hotel və turizm üçün imkanlar da var.
İsmayıllı Şərab-2 zavodu 1982-ci ildə Azərbaycanın İsmayıllı rayonunda yaradılmışdır. 2010-cu ildə şərab zavodu modernləşdirilmiş və istehsal avadanlığı yenilənmişdir.
Müəssisədə yerli mütəxəssislərlə birlikdə italiyalı mütəxəssislər də çalışır.
Ən əsası, «İsmayıllı-şərab-2» müəssisəsi 2017-ci ildə Azərbaycanın məşhur şərabğ markası olan «Chabian» brendli şərab məhsullarını təqdim edib və onun istehalçısıdır.
Üzüm bağlarına qulluq və idarəetmə ən son Avropa aqro təsərrüfatı tendensiyalarına uyğundur. Hal-hazırda zavod Avropa istehsal xəttindən istifadə edir, italyan mütəxəssis-enoloqların iştirakı ilə ağ və qırmızı şərablar istehspl edilir.
İsmayıllı Şərab-2 bir neçə dəfə böyük Beynəlxalq Şərab Sərgilərində iştirak etmiş və bir sıra nüfuzlu mükafat və sertifikatlarla təltif olunmuşdur. Şərab böyük həcmdə xüsusi etiketlərlə Rusiyaya, Çin və Yaponiyaya ixrac olunur.
Bir qədər əvvəl «Chabian» brendli şərabların Rusiyaya ixracı üçün «Azexport» portalı tərəfindən Sərbəst Satış Sertifikatı da təqdim edilib. Baxmayaraq ki, müəssisə buna qədər də Rusiyaya şərab ixrac edirdi.
Hazırda «İsmayıllı-Şərab-2» ASC-nin nizamnamə kapitalı 9 milyon manatdan artıqdır. Şirkətin qanuni təmsilçisi isə Kyamran İsayevdir.