Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidenti “Universal Packing Industry” QSC 2021-ci ilin sonunadək Azərbaycanda “Qablaşdırma məhsullarının istehsalı” müəssisəsini istifadəyə verəcək.
Eləcə də bax: Azərbaycan şirkəti Rusiyaya skotç və streç - İXRACINA BAŞLAYIB
FED.az xəbər verir ki, “Qablaşdırma məhsullarının istehsalı” müəssisəsində tikinti işləri yekunlaşıb və hazırda avadanlıqların quraşdırılması işləri görülür. Hazırda müəssisəyə investisiyalar $2,5 milyon təşkil edir”, - İqtisadiyyat Nazirliyi məlumat verir .
Zavodda ilkin mərhələdə 50 nəfər daimi işlə təmin ediləcək. Növbəti mərhələdə isə işçi sayının 80 nəfərə çatdırılması nəzərdə tutulur.
Müəssisədə Tayvan və digər ölkələrin qabaqcıl texnologiyalarından istifadə edilməklə, iki istehsal xətti üzrə qofre (üçqat) karton, zərf və fayllar istehsal ediləcək. Şirkət həmçinin, Azərbaycanda ilk dəfə olaraq incə dalğalı kartonların da istehsalını həyata keçirəcək.
“Zavodun məhsulları daxili tələbatı ödəməklə yanaşı, xarici ölkələrə də ixrac ediləcək”, - nazirlikdən bildirilir.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri fəaliyyət göstərir.
Hazırda 24 müəssisə SKSP-nin rezidentidir. Rezidentlər layihələrə $3,2 milyard investisiya qoyuluşu həyata keçirməlidirlər. Hazırda faktiki olaraq $2,9 milyarddan artıq sərmayə yatırılıb. (İnterfaks)