Azərbaycanda bir qədər əvvəl pambıq məhsulunda yaranan satış problemi və çətinliklər tütündə də müşahidə olunmağa başlayıb.
Azərbaycanda tütün əkinlərinin sığortası başlandı - ŞƏRTLƏR, MƏBLƏĞLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, son aylar tütünçülüklə məşğul olan fermer və təsərrüfatların satışla bağlı problemləri yaranmağa başlayıb. Nəticədə ölkənin müxtəlif ərazilərində becərilən tütün sahələrində azalma baş verir.
Azərbaycanı tütünlə təmin edən - RAYONLAR - SİYAHI
Xatırladaq ki, tütün Azərbaycanın kənd təsərrüfatı məhsulları arasında xüsusi yer tutur. Azərbaycanda 3,2 min hektar ərazidə tütün becərilir. Tütün sahələrindən hər il 8 min tondan artıq məhsul toplanır. Tütün əkinləri Azərbaycanda Şəki-Zaqatala, Gəncə-Daşkəsən, Naxçıvan və Lənkəran-Astara regionları ərazisində, ümumilikdə 9 rayonda aparılır. Tütün əkinlərinin böyük hissəsi Şəki-Zaqatala regionunun payına düşür. Şəki rayonunda 1805 hektar ərazidə tütün əkinləri var.
Tütün ölkəyə valyuta gətirən əsas məhsullardan biridir. Dövlət Gömrük Komitəsinin məlumatına görə, təkcə 2025-ci ildə Azərbaycandan xaricə 67,4 milyon dollar dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib. Bu ixrac əvvəlki ilə nəzərən 10,7 milyon dollar (18,9%) çox olub. Yəni tütünün ixracı ölkəyə hər il 50-60 milyon dollardan çox vəsait gətirir.
İndi isə tütünün ixracında problemlər yaranıb, sahibkarlar məhsulu ixrac edə bilmir, bu səbəbdən də fermerlər əkin sahələrini azaldır. Tütünçülüyün inkişafdan qalması və ya geriləməsi həm kəndli-fermerə, həm sahibkara, həm də ölkə iqtisadiyyatına mənfi təsir edir. Sahibkarlar və fermerlər tütünün satılmamasının əsas səbəbini dünyada qiymətlərin ucuzlaşması ilə əlaqələndirirlər.
Tütün təsərrüfatında olan problemləri öyrənmək üçün FED.az biznes və maliyyə xəbərləri portalı fermer və sahibkarlarla bu məsələni müzakirə edib.
Fermer Namiq Məcidov FED.az biznes və maliyyə xəbərləri portalına bildirib ki, sahibkarların mallarının anbarlarda qalmasının səbəbi dünyada tütün qiymətlərinin ucuz olması, istehsalın isə baha başa gəlməsidir:
“Sahibkarlar tütünü xarici bazara çıxara bilmirlər, alıcı yoxdur, qiymət aşağıdır, sahibkar malını heç kəsə sata bilmir. Xarici bazarlardan gələn təkliflər ucuzdur, bugünkü istehsal xərcləri və məhsulun maya dəyəri ilə uyğun gəlmir”.
Fermerin sözlərinə görə, müştəri hazırda da var, onlar məhsullara baxmaq üçün gəlirlər, amma qiymət məsələsində razılaşmaq mümkün olmur:
“Xaricdən – Polşadan, Latviyadan, Belarusdan, İtaliyadan, Almaniyadan satış ekspertləri bizim məhsula baxmağa gəlir. Onlar da qiymətlərin bazar ilə uyğunlaşmadığını bildirirlər. Bunun da səbəbi Braziliyadan, Pakistandan Avropaya ucuz məhsulların gətirilməsidir. Bizim mallar bu ölkələrlə yanaşı Ukraynaya da çox satılırdı. Ukraynada müharibə olması bizim bazara çox pis təsir etdi. Belarus da əsas alıcılardan idi, amma onlar da son zamanlar alışı dayandırıblar. Qalan digər ölkələr də Braziliyadan, Pakistandan gələn malların daha ucuz olmasını bildirərək alışdan imtina edirlər.
Bu yaxınlarda Polşadan müştəri gəlmişdi. Onlarla məhsulun satışı ilə bağlı razılaşdıq. Daha sonra isə onlar müxtəlif bəhanələr gətirərək – yol xərcinin çox olması, bazarda qiymətlərin ucuzlaşması və s. kimi səbəblərdən alışdan imtina etdilər”.
Namiq Məcidov ötən il qiymətlərin yaxşı olduğunu, amma bu il müştərilərin məhsulu çox ucuz istədiyini qeyd edir:
“Hazırda emal olunmuş quru tütünün bir kiloqramını 3,4-3,5 AZN-ə istəyirlər. Bu da sahibkara sərf etmir, maya dəyərini ödəmir. Bu qiymətlərlə satış edən zaman sahibkar qazanc əldə edə bilmir, satmasa da məhsul xarab olur. Hazırda anbarda küflənmə gedir, məhsul təcili olaraq satılmalıdır. Bu məhsul anbarda qaldıqca çəkisi də azalır, bu da sahibkarın ziyanınadır.
Ötən il tütünün satış qiyməti yaxşı olub. Sahibkarların üçüncü sort quru tütününün satış qiyməti 4,5-4,8 AZN olub. Fermerlər isə yaş tütünün kiloqramını 27-30 qəpiyə verir, əvvəlki illərdə bu qiymət 32 qəpik olub. Sahibkarların istədiyi odur ki, məhsulun qiyməti bahalaşsın və onlar da qazansınlar. Belə olanda fermer də, fəhlə də qazanır, hamısı bir-biri ilə bağlıdır. Sahibkar qazanmayanda heç kim qazana bilmir”.
N. Məcidov deyir ki, elə bu səbəbdən əkin sahələri də azalıb: “Əvvəlki illə müqayisədə əkin sahələri kəskin azalıb. Mən işlədiyim zavodda ötən il 322 hektar tütün sahəsi əkilib, amma bu il sahibkar 80 hektar əkdirir. Çünki sahibkarın əlindəki mal anbarda qalır. Əkin sahələri azaldığı üçün məhsul istehsalı da azalacaq. Ötən il təxminən 500-550 ton tütün emal edən zavod bu il 200-240 ton məhsul emal edəcək. Təbii ki, bu həcm zavodlardan asılı olaraq dəyişir, bunlar təxmini rəqəmlərdir. Emalın azalmasının məqsədi qıtlığın yaranması və qazanc əldə edilməsi ilə bağlıdır. Bolluq olduqca məhsul əldə qalır, sahibkarlar müflis olur. Hazırda sahibkarlarla fermerlər arasında da qiymət məsələsində narazılıqlar var”.
Fermer bu sahəyə dövlət dəstəyinin olmasının vacibliyindən də danışıb:
“Məhsulun anbarlardan çıxması üçün xarici bazarlara çıxışı vacibdir. Dövlət dəstəyi və ya yeni sahibkarların bazara daxil olması lazımdır. Belə olmasa, tütünçülük inkişaf edə bilməz və bu sahə ilə məşğul olan kənd əhalisinin 50%-inin gəlir yeri yox olacaq. Bizə dövlət tərəfindən lazım olan ən əsas dəstək bazarların tapılmasıdır, qalan digər məsələlər həll olunacaq”.
Məsələ ilə bağlı FED.az biznes və maliyyə xəbərləri portalı sahibkar, "Kəndirli-Kəndli Fermer Təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Azər Cəmilov ilə də danışıb.
Sahibkar bu məhsulun satılmamasının səbəbini Avropa bazarına başqa oyunçuların girməsi ilə əlaqələndirib:
“Hazırda Avropa bazarında da, Rusiya bazarında da vəziyyət kritikdir. Biz məhsulu əvvəl Rusiya bazarına sata bilirdik, amma indi bu bazara satış edə bilmirik. Çünki Rusiya dövləti tütün alışı-satışı ilə məşğul olan biznesmenlərə, hüquqi şəxslərə lisenziya tətbiq edib və hər şirkət də bu lisenziyanı ala bilmir. Lisenziya olmadığı üçün də, təbii ki, biz də malı sərhəddən keçirə bilmirik.
Avropa bazarlarına satışın azalmasının səbəbi isə başqa ölkələrdən daha ucuz məhsulların gəlməsidir. Rəsmi eşitməsəm də, bizim tütünün alışının dayanmasının səbəbi Pakistan, Hindistan, Afrika, əsasən də Zimbabve və Mozambikdən ucuz qiymətə məhsulun alınmasıdır. Yəni orada maya dəyəri də ucuz başa gəlir. Məsələn, İran tütününün maya dəyəri çox ucuz başa gəldiyi üçün ucuz da satırlar, amma bizdə ucuz başa gəlmir.
Dediyim kimi, məhsulun alışının dayanmasının səbəbi bazara başqa ölkələrdən məhsulun gəlməsidir. Sadəcə burada bir özəllik var ki, Azərbaycan tütününün ətri, nikotini, şəkəri Pakistan və Hindistan tütünündən keyfiyyətinə görə çox fərqlənir. İndi yəqin ki, o tütünü alan alıcılar ya tütündən başqa sahədə istifadə edirlər. Tütündən təkcə siqaret istehsal olunmur, həm də müxtəlif məhsullar - ətir, dərman və s. istehsal olunur”.
Azər Cəmilov Azərbaycan tütününün əsas alıcılarından da danışıb:
“Xarici ölkələri deyiriksə, bizim əsas alıcılarımız Bolqarıstan və İtaliyadır. Ümumilikdə tütünümüzün son ünvanı haradır, onu deyə bilmərəm, çünki şirkətlər bizim tütünü əsasən Bolqarıstan üzərindən alırlar”.
“Məsələn, əvvəl üçüncü növ quru tütün 2,75-2,8 dollara satılırdısa, bu gün 2 dollar 50 sentə satılmır. Keçən il mən Bolqarıstana üçüncü növ tütünü 2,75 dollara satdım. Amma bu il artıq heç 2.50-yə də almırlar. Ümumiyyətlə, keçən il qiymətlər müxtəlif cür olub və hərə öz tütününü müxtəlif qiymətə satıb, burada standart bir qiymət yoxdur”, - deyə sahibkar əlavə edib.
Azər Cəmilov bildirib ki, o da öz əkin sahələrini azaldıb; ötən il 140 hektar ərazidə tütün əkən sahibkar bu il cəmi 50 hektar ərazidə əkin həyata keçirib:
“Əkin sahəsini azaltmışam; keçən il 138-140 hektar ərazidə tütün əkmişdimsə, bu il 50 hektara yaxın ərazidə əkirəm. Bunun da səbəbi odur ki, ötənilki məhsulumuzu, yəni 2025-ci əkin ilinin məhsulunu biz sata bilməmişik. Həmin məhsullar anbarda qalıb”.
Sahibkar da əkin sahələrinin azalmasının əldə olunan məhsulun azalması ilə nəticələnəcəyini deyir:
“Biz orta hesabla hektara 3 ton - 3 ton 800 kiloqram quru tütün məhsulu götürürük. Əkin sahələri çox olanda məhsul çox, az olanda isə az olur. Mən bu ilə qədər sahələri özüm əkmişəm, özüm qurutmuşam, özüm becərmişəm. Amma bu il Kənd Təsərrüfatı Nazirliyindən tədarükçü fermer təsərrüfatı kimi də qeydiyyatdan keçdim. İstəyirəm ki, heç olmasa yaşıl tütünü öz sahələrimdə əkim, tədarük edim və subsidiya alım. Bu da 50 hektara yaxındır”.
Azər Cəmilov bildirib ki, artıq bir neçə fermer tütünçülüyə dəstək üçün dövlətə müraciət edib:
“Biz – bir neçə fermer KOBİA-ya məktub yazmışıq, ərizə vermişik ki, bizə köməklik göstərilsin, hazır məhsulumuzu sataq, işlərimizi davam etdirək. Yəni bu gün mayamız da, hər şeyimiz də anbardadır; nə krediti ödəyə bilirik, nə də başqa iş görə bilirik. Çox səmimi deyim ki, çox çətin dövrdəyik.
Azərbaycanın strateji kənd təsərrüfatı məhsullarından olan quru tütün yarpağının xaricə ixracını təşkil etsinlər. Məsələn, hər yerdə səfirliklərimizdə ticarət nümayəndələrimiz var. Bizdə siqaret zavodu da var, onları da cəlb etmək olar.
Türkiyədə dövlət xarici şirkətə şərt qoyub ki, alınan xammalın, quru tütünün 30 faizi yerli bazardan təmin olunmalıdır. Bizdə də elə qayda olsa, yerli bazara böyük dəstək olar”.
Fermer və sahibkarlardan müraciətin daxil olması və bu istiqamətdə görüləcək işlərlə bağlı FED.az biznes və maliyyə xəbərləri portalı Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat əldə edib.
KOBİA-nın Şəki-Zaqatala regional koordinatorluğunun koordinatoru Elbrus İsgəndərov saytımıza sahibkarlar və fermerlər tərəfindən müraciət olunduğunu təsdiqlədi və görüləcək işlərdən danışdı:
“Bu yaxınlarda Oğuzda sahibkarlarla görüş zamanı bizə müraciət ünvanlandı. Biz də yazılı müraciəti KOBİA-ya göndərmişik. Müraciət sənədlərlə iş şöbəsində qeydiyyata düşdükdən sonra aidiyyəti dövlət qurumlarına göndəriləcək. İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxlanılacaq. Əlavə olaraq, hər hansı bir aidiyyəti qurum tərəfindən dəstək göstərilə bilərsə, onlara da müraciət olunacaq. İxracda olan çətinlikləri və səbəbləri öyrənəndən sonra aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar müəyyən işlər aparacaq”.





![Tütün satışında da problem yarandı – [red]MƏHSULLAR ANBARDA QALIB, ƏKİN SAHƏLƏRİ AZALIR[/red] | FED.az](upload/news/small/246406.jpg)
![Tütün satışında da problem yarandı – [red]MƏHSULLAR ANBARDA QALIB, ƏKİN SAHƏLƏRİ AZALIR[/red] | FED.az](upload/news/small/4529005.jpg)








