Türkiyə müdafiə sənayesi məhsullarının alınması üçün Azərbaycana 200 milyon türk lirəsi (TL – $29,3 milyon) məbləğində qrant ayıracaq.
Eləcə də bax: Azərbaycan iş adamlarının Türkiyəyə yatırımları - İKİQAT AZALIB
FED.az xəbər verir ki, bunu Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim deyib.
"25 fevral 2020-ci il tarixində Azərbaycan ilə Türkiyə arasında hərbi-maliyyə əməkdaşlığına dair saziş imzalanıb. Bu sazişə uyğun olaraq Ankara müdafiə sənayesi məhsullarının alınması üçün Bakıya 200 milyon TL məbləğində qrant ayırmağı öhdəsinə götürüb", - deyə X.İbrahim Türkiyənin "Cümhuriyet" nəşrinə müsahibəsində bildirib.
Azərbaycanın Türkiyədən helikopter və pilotsuz uçuş aparatları almaq planları barədə Azərbaycan KİV-in ötən həftə yaydığı bəyanatları şərh edən diplomat qeyd edib ki, 200 milyon TL yalnız bir məhsulun qiyməti ola bilər. "Bizim müdafiə sənayemiz üçün dəyəri 200 milyon TL-dən çox müdafiə sənayesi məhsullarının alınması lazımdır", - deyən səfir bu məsələ ilə bağlı danışıqların hələ davam etdirildiyini vurğulayıb.
Diplomat, həmçinin deyib ki, Azərbaycan Türkiyə ilə müdafiə sənayesi məhsullarının birgə istehsalını təşkil etməyi planlaşdırır.
"Müdafiə sənayesi sahəsində təkcə Türkiyədən satınalmalar deyil, həm də birgə istehsal məsələləri müzakirə olunur. Türkiyə və Azərbaycan bu məsələdə əməkdaşlıq edəcək, müvafiq görüşlər keçirilir", - deyə X.İbrahim əlavə edib.
İnterfaks