Yaxın illərdə Türkiyənin bir çox bölgələrində əllə xalça toxunması üçün yeni emalatxanalar qurulacaq.
FED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin iqtisadiyyat naziri Nihat Zeybekçi açıqlama verib.
Onun sözlərinə görə, məqsəd Türkiyədə bu işlə məşğul olanların sayını 30 minə, əllə toxuma xalça ixracının dəyərini isə 1 mlrd. ABŞ dollarına çatdırmaqdır: “Bu rəqəm bir qədər əvvəl 1 mlrd. dollara yaxınlaşmışdı, sonradan 50-100 mln. dollar gerilədi. Hədəfimiz ixracda 1 mlrd. dolları keçməkdir”.
Qeyd edək ki, türkiyəli ustalar yun xalçaların toxunmasına 3-6 ay, ipək xalçaların toxunmasına isə 1-3 il vaxt sərf edir. Hazırda bu ölkənin istehsalı olan və əllə toxunan ipək xalçaların qiyməti 5-100 min lirə (2-43 min manat) arasında dəyişir. Onlar, təqribən, 30 ölkəyə ixrac edilir (report.az).