Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəmərinin (TAP) Albaniya ərazisinə düşən hissəsində tikinti işlərinin 90 faizdən çoxu başa çatıb.
FED.az xəbər verir ki, bunu Trend-ə Albaniyanın İnfrastruktur və Energetika Nazirliyindən bildiriblər.
TAP-ın ölkədə həyata keçirilməsində ümumi irəliləyişin proqnoza uyğun gəldiyini açıqlayan nazirlikdən məlumat verilib ki, 2016-cı ilin sentyabrından boru kəmərinin yerüstü hissəsində tikinti mərhələsi başlayandan 2018-ci ilin sonuna qədər Albaniya hissəsində tikinti işlərinin 90 faizindən çoxu yekunlaşıb.
Albaniya Enerji Tənzimləmə Təşkilatının 2019-cu ildə TAP AG konsorsiumunun qaz nəqli operatoru qismində lisenziyalaşdırılması üçün icazə verəcəyi gözlənilir.
Qeyd edək ki, Transadriatik qaz kəmərinin tikintisinin 2019-cu il ərzində başa çatdırılması gözlənilir.
Xatırladaq ki, 4,5 milyard avro dəyəri olan TAP “Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsidir.