Sumqayıt Kimya Sənaye Parkında yaradılan sulfat turşusu istehsalı və şüşə tara məhsullarının istehsalı müəssisələrində layihələndirmə işləri tamamlanıb, tikinti-quraşdırma işləri aparılır.
İqtisadiyyat Nazirliyindən FED.az-a verilən məlumata görə, istehsal prosesində istifadə ediləcək avadanlıqların idxalına başlanılıb və bu istiqamətdə işlər davam etdirilir.
Şüşə tara məhsullarının istehsalında Almaniya, sulfat turşusu istehsalında isə Çin texnologiyalarından istifadə ediləcək.
Şüşə tara məhsullarının istehsalı müəssisəsinin investisiya dəyəri 12 mln. ABŞ dollarıdır, bunun artıq 7 mln. dollarlıq hissəsi layihənin reallaşdırılmasına yatırılıb və tikinti-quraşdırma işlərinin 75%-i yerinə yetirilib.
Sulfat turşusu istehsalı müəssisəsinin investisiya dəyəri isə 6 mln. dollardır, layihə üzrə indiyədək görülən işlərə artıq 2,9 mln. dollar sərmayə qoyulub və işlərin 60%-i tamamlanıb.
Müəssisələrdə ümumilikdə 200-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Hər iki müəssisənin 2022-ci ilin birinci yarısında istifadəyə verilməsi planlaşdırılır.