İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında yeni sənaye sahələrinin yaradılması, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının təşkili, investorların cəlb olunması işləri davam etdirilir.
Agentlikdən FED.az-a daxil olmuş məlumatda bildirilir ki, bu işlərin davamı olaraq, “Kartaş Kimya” MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidentliyi statusu verilib, bununla da sənaye parkının rezidentlərinin sayı 31-ə çatıb.
“Kartaş Kimya” MMC Sənaye Parkının 3 hektar ərazisində müxtəlif tikinti kimyəvilərinin istehsalını həyata keçirəcək müəssisə inşa edəcək. İnvestisiya dəyəri 17 milyon manat olan müəssisədə 230-dan çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. İstehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı, Türkiyə və MDB ölkələrinə ixrac ediləcək.