"Sumqayıt Kimya Sənaye Parkında gələn il yeni rezidentlərin fəaliyyətə başlaması gözlənilir".
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri vəzifəsini icra edən Elşad Nuriyev deyib.
Onun sözlərinə görə, Sumqayıt Kimya Sənaye Parkında rezidentlik statusu almaq üçün 3 şirkət müraciət edib: "Həmin şirkətlərin 2-i yerli şirkətdir, biri isə Çin kapitallı xarici şirkətdir".
Xatırladaq ki, Sumqayıt Kimya-Sənaye Parkının rezidentləri tərəfindən indiyədək 3 milyard ABŞ dolları həcmində investisiya yatırılıb. Mövcud layihələr üzrə əlavə 312 milyon manat investisiyaların qoyulması və 1 300-dək yeni iş yerlərinin yaradılması nəzərdə tutulub.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılıb.
Sumqayıt şəhərində yerləşən və nəhəng infrastruktura malik Sumqayıt Kimya Sənaye Parkının ərazisi 508,14 hektar təşkil edir. Sənaye parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılır. Hazırda sənaye parkında 24 rezident var.