Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkı ölkədə istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əhəmiyyətli rol oynayır.
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, Parkda investisiyalarının ümumi məbləği 3,2 milyard ABŞ dolları olan 24 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İndiyə qədər Parkın rezidentləri 2,9 milyard dollardan artıq investisiya yatırıb. Qeydiyyata alınmış 24 rezidentdən 16-sı artıq fəaliyyətə başlayıb. Parkda 5 500-ə qədər insan daimi işlə təmin olunub. Ümumilikdə, indiyədək Parkın rezidentləri 3,3 milyard manatlıq satış həyata keçirib ki, bunun da təqribən 31%-i ixracın payına düşür.
Parkda məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika davam edir. Belə ki, ötən ilin I yarısında rezidentlər 534 milyon manatlıq məhsul istehsal etmişdisə, bu ilin eyni dövründə bundan 49% çox - 794 milyon manatlıq məhsul istehsal olunub. Bununla yanaşı, 2021-ci ilin I yarısında ötən ilin eyni dövründən 47% çox - 267,5 milyon manatlıq ixrac həyata keçirilib.
Bu ilin birinci yarısında Parkın ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 11,5%, qeyri-neft sənayesi məhsullarının ixracında xüsusi çəkisi isə 21,8% təşkil edib.
Parkda istehsal olunan məhsullar Türkiyə, Rusiya, Ukrayna, Belarus, Çin, Tayvan, Bolqarıstan, Rumıniya, Polşa, Niderland, İtaliya, Çexiya, Makedoniya, Litva, Avstriya, Estoniya, Danimarka, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan, Qırğızıstan, Braziliya, Misir, BƏƏ, Livan, İraq, Yaponiya, ABŞ, Kanada və s. ölkələrə ixrac olunub. (Report)