Prezident İlham Əliyev "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" Fərman imzalayıb.
FED.az xəbər verir ki, Fərmana əsasən, “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” təsdiq edilib.
Qaydaya əsasən bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə olunan baza məbləği 200 manat müəyyən edilib.
Fərmana görə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “Subsidiya” informasiya sisteminin yaradılmasını və təsdiq edilmiş Qaydaya uyğun olaraq subsidiyaların 2020-ci il yanvarın 1-dən etibarən verilməsini təmin etməlidir.
Həmçinin Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla “Subsidiya” informasiya sistemi haqqında əsasnamənin layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli,kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinin təşkili üçün xidmət reqlamentlərini beş ay müddətində təsdiq etməlidir.