Ağdam Sənaye Parkında 5,5 hektar ərazidə “Tabaterra” MMC-nin tütün məmulatlarının istehsalı müəssisəsi yaradılıb.
FED.az xəbər verir ki, bunu “Tabaterra” MMC-nin direktoru Elman Cavanşir bildirib.
Qeyd edək ki, şirkətin Sumqayıt şəhərində də istehsal sahəsi mövcuddur.
Onun sözlərinə görə, layihəyə 58 milyon manat investisiya yatırılıb. “Tabaterra” MMC öz məhsulları ilə yanaşı, “British American Tobacco”, “Japan Tobacco International” və “Imperial Brands” şirkətlərinə məxsus beynəlxalq brendləri lisenziya əsasında istehsal edir. MMC-də 20-dən çox brend üzrə 120-dən artıq çeşiddə tütün məmulatı istehsal olunur. Almaniya, İtaliya və Böyük Britaniyanın qabaqcıl texnologiyalarının tətbiq edildiyi müəssisədə 9 istehsal xətti mövcuddur. İstehsal olunan məhsullar Birləşmiş Ərəb Əmirliklərinə, Gürcüstana, Özbəkistana və İraqa ixrac edilir. Hazırda “Tabaterra” MMC həm yerli, həm də “British American Tobacco” və “Japan Tobacco International” şirkətlərinə məxsus xarici brendlərin ixracını həyata keçirir.
Müəssisə sənaye parkının rezidenti kimi vergi, gömrük və digər güzəştlərdən faydalanır. Hazırda burada 400 nəfər çalışır. Şirkət 300-dək işçinin Ağdam şəhərinə köçürülməsini nəzərə alaraq, onların yaşayış təminatını qarşılamaq üçün “Ağdam Residence” yaşayış kompleksində 208 mənzilin alınmasına sərmayə yatırıb və əməkdaşların işlədiyi dövr ərzində ödənişsiz olaraq onların istifadəsinə verib.