«Universal Qablaşdırma Sənaye» QSC Azərbaycanın daxili bazarında qablaşdırmaya tələbatın 30%-ni ödəmək niyyətindədir.
FED.az xəbər verir ki, “Universal Qablaşdırma Sənaye” QSC-nin Qablaşdırma məhsulları istehsalı müəssisəsi ölkənin karton qablaşdırmaya olan tələbatını 30% ödəməyi planlaşdırır. Bu barədə jurnalistlərə açıqlamasında müəssisənin rəhbəri Fikrət Vəliyev deyib.
“Bu gün biz Azərbaycanda 5 qat kartondan qablaşdırma istehsal edən yeganə müəssisəyik. İstehsal güclərimiz daxili bazarın tələbatını 30% ödəməyə imkan verir”, - deyə o bildirib.Vəliyevin sözlərinə görə, istehsal üçün xammal Rusiyadan alınır. O, həmçinin qeyd edib ki, müəssisədə fayl da istehsal olunur. “Fayl istehsalı üzrə avadanlığın gücü yerli bazarın tələbatını 100% ödəməyə imkan verir”, - deyə müəssisənin rəhbəri əlavə edib.
Vəliyev vurğulayıb ki, şirkət hələlik məhsul ixrac etməyi planlaşdırmır, istehsal olunan bütün məhsullar daxili bazarda satılacaq. Ümumi investisiya dəyəri 4,8 milyon manat olan müəssisədə ilkin mərhələdə 50 nəfər daimi işlə təmin ediləcək. Növbəti mərhələdə isə işçilərin sayının 65 nəfərə çatdırılması nəzərdə tutulur.
Sənaye parkının bir hektar ərazisində inşa edilmiş müəssisədə qablaşdırmada istifadə olunan qofro karton, fayl və digər məhsullar istehsal ediləcək. Müəssisənin illik istehsal gücü 30 milyon kvadratmetr kartondur. İtaliya və Çin texnologiyalarının tətbiq edildiyi müəssisədə 20 çeşiddə məhsul istehsal olunacaq.