16 fevral tarixində İqtisadi Zonaların İnkişafı Agentliyinin ötən ilin yekunlarına həsr olunan mətbuat konfransın keçirilib. Konfransda işğaldan azad edilmiş ərazilərimizdə yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları barədə də məlumat verilib.
FED.az xəbər verir ki, indiyədək Ağdam Sənaye Parkında 20 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu rezidentlər tərəfindən Sənaye Parkına 190 milyon manatdan çox investisiya yatırılması və 1700-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bu barədə məlumatı Agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib.
O qeyd edib ki, bu il Sənaye Parkında 5-dən çox müəssisənin (divar kağızlarının, bir neçə növdə ayaqqabıların, dam örtüklərinin, boru və qutu profillərin, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların və s istehsal müəssisələrinin) fəaliyyətə başlaması planlaşdırılır.
Bu sənaye müəssisələrində istehsal olunacaq məhsullar ilk növbədə daxili tələbatın ödənilməsinə yönəldiləcək, sonrakı mərhələdə isə “Made In Azerbaijan” brendi altında ixrac ediləcək.
Bugünədək rezidentlər tərəfindən Ağdam Sənaye Parkına 15,3 milyon manatdan çox investisiya yatırılıb, 120-yə yaxın daimi iş yeri yaradılıb.
Seymur Adıgözəlov : "Ağdam Sənaye Parkına 190 milyon manatdan çox investisiya yatırılması planlaşdırılır"
14:34
16 Fev 2024