Azərbaycanın sənaye parklarında fəaliyyət göstərən rezidentlərin investisiya portfelinin həcmi 3,8 mlrd. ABŞ dolları təşkil edir.
Eləcə də bax: “Azərbaycan Sənaye Korporasiyası” 8 şirkətinin - Nizamnamə Kapitalını Artırıb
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Tacikistanın Sənaye və Yeni Texnologiyalar Nazirliyi arasında video-konfrans formatında keçirilən görüşdə deyib.
Onun sözlərinə görə, bu ilin üç rübündə ölkənin qeyri-neft istehsalının 10,6%-i, ixracının isə 20,3%-i sənaye parklarında istehsal edilən məhsulların payına düşüb.
S.Ələkbərov qeyd edib ki, hazırda ölkədə kimya, emal, gəmiqayırma, yüngül sənaye, əczaçılıq və s. sahələr üzrə ixtisaslaşmış 5 sənaye parkı fəaliyyət göstərir, sənaye parklarının rezidentlərinin sayı isə 50-yə çatıb.
Görüşdə sənaye sahəsində əməkdaşlığa, Tacikistanda sənaye parklarının yaradılmasına metodoloji və praktiki köməkliyin göstərilməsi imkanlarına dair müzakirələr aparılıb.
S.Ələkbərov iki ölkə arasında iqtisadiyyatın müxtəlif istiqamətləri, o cümlədən sənaye sahəsində əməkdaşlıqda geniş potensial olduğunu vurğulayıb, tədbirin bu sahədə əlaqələrin genişlənməsinə töhfə verəcəyini qeyd edib.
Öz növbəsində, Tacikistanın Sənaye və Yeni Texnologiyalar naziri Şerali Kabir ölkəsinin Azərbaycanla əməkdaşlığın, xüsusilə sənaye və logistika sahəsində əlaqələrin genişlənməsində, sənaye parklarının yaradılmasında Azərbaycan təcrübəsindən yararlanmaq niyyətində olduqlarını bildirib.
Görüşdə Azərbaycandakı sənaye parklarının fəaliyyəti, habelə Tacikistan yüklərinin Azərbaycan üzərindən daşınması imkanları barədə təqdimatlar keçirilib. (Apa)