Bakının yeni baş planı hazırlanır, şəhərdə sıxlığın azaldılması üçün müvafiq tədbirlərin görülməsi, sənaye müəssisələrinin paytaxtdan kənara çıxarılması nəzərdə tutulur.
Bunu "Möhtəşəm quruculuq: dünən, bu gün, sabah" mövzusunda keçirilən konfransda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.
E.Əzizovson qeyd edib ki, son 15 il ərzində Bakıda çox böyük quruculuq işləri həyata keçirilib, paytaxtın siması tamamilə dəyişib, dünyanın gözəl memarlıq üslubunda tikilən bir şəhərə çevrilib.
İcra başçısı bildirib ki, Bakının Prezident İlham Əliyevin layihələrində daim böyük yeri olub. E.Əzizov vurğulayıb ki, görülən işlər nəticəsində Bakı dünyanın ən böyük şəhərlərindən birinə, investorlar üçün ən cəlbedici məkanlardan birinə çevrilib, son bir ildə şəhərə 12 milyard manat investisiya qoyulub. İcra başçısı vurğulayıb ki, 2005-ci ildən Bakıda sənaye istehsalı 4 dəfə artıb.
Eləcə də bax: «Həmin güzəşt bütün şirkətlərə aid olacaq» – NAZİR AÇIQLADI
E.Əzizov qeyd edib ki, ötən illər ərzində Bakıda avtmobillərin sayı 2 dəfə artaraq 663 minə çatıb. İcra başçısı vurğulayıb ki, Prezident İlham Əliyevin apardığı işlər nəticəsində Bakıda sahibkarlıq inkişaf edir. Onun sözlərinə görə, 2005-ci ildə Bakıda 40-a yaxın olan hotel olubsa, hazırda bu rəqəm 4 dəfə artıb. Bakı keçmiş sovet məkanında 5 ulduzlu hotellərin sayına görə ilk yerlərdə qərarlaşıb. İcra başçısı bildirib ki, təkcə bu il Bakını 2 milyondan artıq turist ziyarət edib və proqnozlara görə bu rəqəm artacaq. E.Əzizov vurğulayıb ki, 15 ildir Bakıda intensiv tikinti işləri aparılıb və bu gün də tikinti ilə bağlı müraciətlərin sayı artıb. Bu, Bakının inkişafından xəbər verir. İcra başçısı vurğulayıb ki, beynəlxalq agentliklərin reytinqinə görə, turistlər üçün Bakı memarlıq abidələri ilə yadda qalan 5 şəhərdən biri hesab edilir.
E.Əzizov qeyd edib ki, bu gün Bakıda salınan parklar böyük əraziləri əhatə edir, meqaparklar yaradılır:
"Paytaxtımız dünyanın mədəniyyət mərkəzlərindən birinə çevrilib. Bakı öz tarixində heç zaman belə inkişaf görməyib. Bütün bunların əsasında İlham Əliyev fenomeni dayanır. Ölkəmiz və paytaxtı İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər əldə edəcək".