Rusiya və Ukrayna arasındakı müharibə Azərbaycanda kombi istehsalına mənfi təsir göstərib.
Eləcə də bax: Ukraynada “Bayraktar” zavodunun inşasına - BAŞLANILIB
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə yaradılmış və kombi istehsalı ilə məşğul olan Azərbaycan - Çin birgə müəssisəsinin direktoru Elnur Cəmilli məlumat verib.
Onun sözlərinə görə, müharibə nəticəsində kombi istehsalına lazım olan metalların qiymətləri artıb. Bu isə ölkədə kombi istehsalını bahalaşdırıb.
"Əvvəllər metalı Ukraynadan alırdıq, müharibə başlayandan sonra Türkiyədən gətiririk. Bu ölkədə isə metal ordan bahadır. Bundan başqa, Ukrayna metalı gətirəndə sadəcə əlavə dəyər vergisi (ƏDV) ödəyirik, çünki Azərbaycanın MDB ölkələri ilə əldə etdiyi razılığa görə, bu ölkələrlə ticarətdə ancaq ƏDV ödənilir. Lakin Türkiyə ilə ticarətdə həm ƏDV, həm də idxal rüsumu ödəyirik. Bu isə qiymətə təsir edir. İki ölkə arasında imzalanmış Preferansial Ticarət Sazişində bizim sahəyə aid məhsullar yer almayıb. Üstəlik, nəqliyyat xərcləri də əvvəlki vaxtlarla müqayisədə 4 dəfəyə yaxın artıb. Son nəticədə kombi istehsalı əvvəlki vaxtlara nisbətən baha başa gəlir. Bir kombidə qiymət artımı 100 manat civarındadır. Əvvəl 430 manata təklif etdiyimiz kombini hazırda 530-550 manata satırıq".
Xatırladaq ki, kombi istehsalı zavodunun illik gücü 120 min ədəd kombidir. Zavodun yaradılmasına 2 milyon manat investisiya qoyulub ki, bunun da yarısı xarici sərmayədir. (Report)