Rusiya-Ukrayna müharibəsi bir sıra region ölkələrində, o cümlədən, Azərbaycanda kağızla bağlı problem yarada bilər.
FED.az bildirir ki, REAL TV bu barədə süjet hazırlayıb.
Müharibə ilə bağlı Rusiyaya qarşı sanksiyalara qoşulmuş bir sıra Avropa ölkələri bu ölkəyə kağız istehsalı üçün lazım olan kimyəvi maddələri verməkdən imtina edirlər ki, bu da Rusiyada bir sıra kağız məhsullarının istehsalında problem yaradıb.
Məsələn, Finlandiya Rusiyaya natrium-xlorat ağardıcısı göndərməkdən imtina edib ki, bununla da Rusiyada qəzet kağızı istehsal edən bir sıra müəssisələrin işi dayanıb.
Bu, Azərbaycanın topdansatış kağız bazarında narahatlıq doğurub. Çünki ötən il Azərbaycana idxal edilən 17 min tona yaxın kağız və kartonun 97 faizi, yəni 16,2 min tonu Rusiyadan gətirilib. Qəzet kağızı idxalında isə şimal qonşumuz 100 faizlik paya malikdir.
Azərbaycanda yerli kağız istehsalı, demək olar ki, yoxdur və yalnız təkrar kağız emalı üzrə müəssisə var. Bütünlükdə, 2021-ci ildə Azərbaycana 198 milyon dollarlıq kağız və karton idxal edilib ki, yetərincə böyük rəqəmdir.
Ölkənin başqa ölkələrdən nisbətən əlverşili qiymətə kağız gətirməsi də mümkün deyil. Çünki Rusiya müharibə ilə bağlı Rusiya ölkədən bir sıra meşə materiallarının, o cümlədən, kağız istehsalı üçün lazım olan ağcaqayın materiallarının ixracına qadağa qoyub. Bu, dünyada, xüsusilə də Azərbaycana yaxın ölkələrdə kağız qiymətlərinin qalxmasına səbəb olub. Çünki Rusiya hər il dünya bazarına 0,5 milyrad dollarlıq meşə materialı göndərir. Nəticədə, Avropanın əsas kağız istehsalçısı olan Finlandiyada qəzet kağızının tonu 390 avrodan 670 avroya qalxıb.
Tanınmış naşir Şahbaz Xuduoğlu REAL TV-yə müsahibəsində Azərbaycanda qəzet kağızının daha baha olduğunu bildirib.
Yaranmış durum Azərbaycanı öz kağız istehsalını qurmağa vadar edir. Əksər ekspertlər Azərbaycan bazarının kağız istehsalı üçün kiçik olduğunu düşünürlər. Lakin Türkiyənin təcrübəsi göstərir ki, istənilən lokal bazarda da kağız istehsalı qurmaq olar. Türkiyənin kağız istehlakı təxminən 8 milyard dollar qiymətləndirilir və bunun 5 milyard dollarlıq payı yerli istehsal, 3 milyard dolları isə idxal hesabına ödənilir.
Əgər Azərbaycan qeyri-neft sektorunu inkişaf etdirərək, Türkiyə iqtisadiyyatına bənzər bir iqtisadiyyat qurmağa nail olarsa, ölkənin kağıza olan tələbatı indiki kimi 200 milyon dollardan dəfələrlə artaraq, 800 milyon dollara – 1 milyard dollara qədər qalxa bilər. Çünki qeyr-neft sektoru yalnız nəşriyyat üçün deyil, qablaşdırma sektoru üçün də kifayət qədər böyük miqdarda kağız məmulat tələb edir.
Özü də Azərbaycanda kağız istehsalı üçün ikinci xammal sayılan pambıq da əkilir. Əsas xammal olan ağcaqayınları isə Türkiyədə olduğu kimi, yol kənarlarına və parklara əkməklə təmin etmək olar, xammalı qismən də idxal etmək mümkündür. Amma nəticədə, ölkə sənayesi 1 milyard dollarlıq yeni sektor əldə etmiş olar ki, bu da on minlərlə insan üçün yeni iş yeri deməkdir.