Bir neçə gündür ölkədə A4 formatlı kağızlarda qiymətlərin artımı müşahidə edilir. Əvvəl bir bağlaması 4.60 – 5 manata olan kağızlar indi 10.30 manata satılır.
Məsələ ilə bağlı “İnci” şirkətinin satış müdiri Baxşı Musayev FED.az-a açıqlamasında bildirib ki, kağız və kağız məhsullarında qiymət artımına səbəb Rusiya-Ukrayna müharibəsinə görə bir çox ölkələrin Rusiyaya sanksiyalar tətbiq etməsidir.
B.Musayevin sözlərinə görə, Rusiyada istehsal olunan kağızlara vurulan bəzi maddələr yalnız xaricdən gətirilirdi, indi isə Almaniya və digər ölkələr Rusiyaya ixracı dayandırıb. Bu da kağızlarda qiymət artımı və qıtlığa səbəb olub:
“Rusiya-Ukrayna müharibəsi ilə əlaqəli olaraq bir çox məhsullarda bahalaşma olub. Əvvəl Biz bu kağızı 4.60 – 5 manata Azərbaycana gətirirdiksə indi Türkiyədən 9.50 manata alırıq. Bu da təbii ki, kağızla yanaşı digər dəftərxana məhsullarının da qiymət artımına səbəb olması deməkdir. Hələ bu kağızları Türkiyədən gətiririk. Çünki bu gün bu kağızın istehsalını Rusiya dayandırıb, biz də idxal edə bilmirik. Dünya ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyalar özünü bu mənada birüzə verib. Xammal Rusiyada istifadə olunsa da ona vurulan bəzi maddələr yalnız xaricdən gətirilir. Həmin maddələr Rusiyaya verilmədiyinə görə avtomatik olaraq Rusiyada da kağızın idxalı və istehsalı dayanıb”.
Şirkətin satış müdiri bildirib ki, kağıza ağ rəng verən maddə Rusiyaya Almaniyadan gəlirdi. Almaniya da Rusiyaya ixracı dayandırdığına görə hazırda Rusiya kağızı istehsal edə bilmir: “Belə olan halda müştərilərin kağıza olan tələbatını təmin etmək üçün biz də alternativ variantlar axtarmağa başladıq. Bunu qismən də olsa aradan qaldırmışıq. Hazırda Hindistan və Türkiyə şirkətləri ilə danışıqlar gedir. Hindistandan A4 kağızının gətirilməsi də yol və əlavə xərclər yaratdığına görə baha başa gələcək. Buna görə özümüz istehsalat sahəsinə başladıq. İndiyə kimi dəftər, A4 qovluqlar, fayl və s. istehsal edirik, lakin A4 formatlı kağızları yalnız xaricdən gətiridik. Lakin hazırda bu məhsulun da istehsalına başlamışıq. Düzdür, hələ o məhsulları eyni formada istehsal edə bilməmişik, çünki istehsal üçün xammal Rusiyadan gətirilməlidir. Biz tələbatı qismən də olsa 80 qramlıq A4 kağızından fərqli olaraq bu gün əlimizdə olan 70 qramlıq dəftər kağızları ilə qarşılayırıq. Boz rəngli bu kağız bizə rulon formasında gəlir. Bazardakı tələbi ödəmək üçün onu doğrayıb A4 formatında satışa çıxarırıq”.
B.Musayev yaranmış qıtlığa görə “A4” kağızının Rusiyada tək-tək satıldığını və kütləvi satışa icazə verilmədiyini bildirib: “Qıtlıq təkcə Azərbaycanda deyil, eləcə də Rusiya bazarlarında müşahidə edilir. Hətta orada kağızların kütləvi satışına icazə verilmir, kağızlar tək-tək satılır”.