2024-cü ildə sənaye zonalarında yeni fəaliyyətə başlayan 10 müəssisə ümumilikdə 48,6 milyon manat investisiya yatırıb, 389 daimi iş yeri yaradıb.
İZİA: Azad edilmiş ərazilərdəki sənaye parklarında 15-dən çox müəssisə tikilir
FED.az xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov qurumun mətbuat konfransında deyib.
O bildirib ki, bu müəssisələr müxtəlif təyinatlı tikinti materiallarının, ayaqqabıların, dəmiryolu avadanlıqlarının, elektrik və s. məhsulların istehsalı ilə məşğul olurlar. Yeni fəaliyyətə başlayan müəssisələrin çoxunun Ağdam Sənaye Parkında olması xüsusilə qürurverici haldır.
Sənaye zonalarında investisiyalar haqqında danışan sədr bildirib ki, "Sənaye zonalarında investisiya portfeli 7,9 milyard manat olan 152 sahibkarlıq subyektinə rezidentlik, 10 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manat investisiya yatırılıb, 84 müəssisə fəaliyyətə başlayıb, 10700-dən artıq daimi iş yeri yaradılıb. Həmçinin növbəti mərhələdə mövcud layihələr üzrə sənaye zonalarına əlavə olaraq 1 milyard manatdan çox investisiyanın yatırılması, 8000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur".
Bundan başqa sənaye zonalarında istehsal edilən məhsulların ixracı haqqında məlumat verilib və "2015-ci ildən 2024-cü il də daxil olmaqla sənaye zonalarında 15,4 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 4,9 milyard manatlıq hissəsi ixrac edilib.
Həmçinin 2024-cü ildə sənaye zonalarında 3,3 milyard manatlıq satış həyata keçirilib ki, bunun da 1 milyard manatlıq hissəsi ixracın payına düşür.
2023-cü illə müqayisədə ixrac 8,1% artıb. Sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 70-dən çox ölkəsinə ixrac edilir" - deyə Seymur Adıgözəlov məlumat verib.