İşğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın dirçəldilməsi istiqamətində mühüm addımlar atılır. Sözügedən ərazilərdə məşğulluğun təmin olunmasında, iqtisadi aktivliyin yüksəldilməsində sənaye parkları mühüm rol oynayır. Artıq bu ərazilərdə yaradılan “Ağdam” və "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarına böyük maraq var.
İş adamları Ağdam Sənaye Parkına axışır - 161 MİLYON MANAT SƏRMAYƏ YATIRILACAQ
FED.az İqtisadi Zonaların İnkişafı Agentliyinin şöbə müdiri Emil Hacıyev Qarabağda fəaliyyət göstərən sənaye parklarında görülən işlər və qarşıdakı hədəflər barədə müsahibəsini təqdim edir.
- Qarabağın bərpası, dirçəldilməsi və sənaye potensialının inkişaf etdirilməsi məqsədilə dövlətimizin başçısının 2021-ci il 28 may tarixli Fərmanı ilə 190 hektar ərazidə Ağdam Sənaye Parkı, 2021-ci il 4 oktyabr Fərmanı ilə isə Cəbrayıl rayonunda 200 hektar ərazidə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Bu sənaye parklarının prioritet istiqamətləri nələrdir?
- Bu sənaye parkları yaradılarkən digər ölkədə mövcud sənaye parklarında olduğu kimi, özünün prioritet istiqamətləri müəyyən edilib. Ağdam Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında isə logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır.
- Qeyd edilən sənaye parklarına sahibkarlar tərəfindən maraq varmı?
- Həm Ağdam Sənaye Parkına, həm də “Araz Vadisi İqtisadi Zonası”na sahibkarlar tərəfindən böyük maraq göstərilir. Hazırda Ağdam Sənaye Parkının 17 rezidenti və 5 qeyri-rezidenti var. Bu investorlar tərəfindən sənaye parkına 161 milyon manatdan çox investisiyanın yatırılması, 1400-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. Sahibkarlar tərəfindən Ağdam Sənaye Parkında müxtəlif ölçüdə metal profillərin, eləcə də anbar stellajlarının, boru və qutu profillərin, alçı, eksteryer suvaq, dolğu və izolyasiya materiallarının, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların, müxtəlif növ dəmir məmulatların, elektrik paylayıcı avadanlıqların və elektrik yuvaların, avtomatlaşdırma və telemexanika sistemlərin, divar kağızlarının, müxtəlif çeşiddə sintetik xalçaların, prefabrik dəmir-beton məmulatların və s. istehsalı müəssisələri inşa ediləcək.
- Bu sənaye parklarında məhsul istehsalı prosesi başlayıb?
- Ağdam Sənaye Parkının qeyri-rezidenti “Yüksəl Beton” QSC tərəfindən sənaye parkının ərazisində beton istehsalı müəssisəsi artıq inşa edilib, məhsulun topdan və pərakəndə satışına başlanılıb. Şirkətin istehsal etdiyi beton məhsulu Ağdam Sənaye Parkı ilə yanaşı, rayonda aparılan tikinti-quraşdırma işlərində də istifadə olunur. Bundan başqa, sənaye parkının rezidentlərinin bir çoxu artıq tikinti işlərinə başlayıb və işlər sürətlə davam etdirilir. Bəzilərində isə layihələndirmə işləri aparılır, tezliklə onların da tikinti işlərinə başlamaları nəzərdə tutulur. Rezidentlər tərəfindən inşası davam edən ilk müəssisənin 2023-2024-cü illərdə fəaliyyətə başlaması planlaşdırılır.
- Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında rezidentlərin fəaliyyəti üçün hansı şərait yaradılıb?
- Qeyd edim ki, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında rezidentlərin rahat fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılır. Onlar dövlət vəsaiti hesabına infrastrukturla (qaz, işıq, su, kanalizasiya, daxili avtomobil və dəmir yolları, fiber optik və s.) təmin edilir. Ağdam Sənaye Parkında indiyədək yataqxana, yeməkxana, anbar, market, çamaşırxana, tibb məntəqəsi, "paypoint" ödəniş məntəqəsi, bankomat və idman zonasından ibarət sosial zona və mobilizasiya şəhərciyinin qurulması işləri tamamlanıb, transformator məntəqəsi quraşdırılıb. 40 MVA 110/35/6 elektrik yarımstansiyasının özül çalasının torpaq işləri başa çatıb. Sənaye Parkı sürətli internetlə təmin edilib. Tikinti aparılan sahənin su ilə təmin edilməsi məqsədilə 350 metr dərinliyində subartezian quyusu qazılıb, yaxın günlərdə ikinci quyunun da qazılması işlərinə başlanacaq.
200 hektar ərazini əhatə edən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının isə hazırda 5 rezidenti və 1 qeyri-rezidenti var. İnvestorlar tərəfindən ümumi olaraq Sənaye Parkına 32 milyon manatdan çox investisiyanın yatırılması, 400-dən artıq iş yerinin yaradılması planlaşdırılır. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında da fəaliyyət göstərəcək işçilərin və sahibkarların rahatlığının təmin edilməsi məqsədilə mobil şəhərcik salınıb. Şəhərcikdə yataqxana, yeməkxana, tibb məntəqəsi və aptek, market, anbar, camaşırxana, nəzarət buraxılış məntəqəsi quraşdırılıb, əraziyə asfalt yol çəkilib. Sənaye Parkının ərazisində tikinti aparılacaq sahənin su ilə təmin edilməsi məqsədilə subartezian quyusu qazılıb. Ərazidə 630 kilovoltluq transformator məntəqəsi quraşdırılıb. Parkın işıqlandırılmasında günəş enerjisindən qidalanan panellərdən istifadə edilir.
Bundan başqa, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında hazırda rezidentlər üçün infrastrukturun qurulması istiqamətində işlər aparılır. İnzibati binanın tikintisi davam etdirilir.
Artıq sənaye parkının bir rezidenti - “Avto Lizinq Azərbaycan” MMC fəaliyyətə başlayıb.
Bildirmək istəyirəm ki, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında da ölkədə mövcud digər sənaye parklarında olduğu kimi, sahibkarlar üçün əlverişli investisiya mühiti formalaşdırılır. Belə ki, sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilir. Eyni zamanda, qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Həmçinin bu il yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün əlavə güzəştlər tətbiq edilir. Buraya sosial sığorta haqlarının subsidiyalaşdırılması, işğaldan azad edilmiş ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislərə hər il 5 gün əlavə məzuniyyət verilməsi, aylıq vəzifə maaşına əlavələrin hesablanması, 600 manat birdəfəlik müavinət verilməsi, iş icazələrinin alınmasının sadələşdirilməsi, əmək miqrasiyası kvotasının tətbiq edilməməsi (Əcnəbi mütəxəssislərə əmək miqrasiyası kvotasının 5 il tətbiq edilməməsi) də daxildir. İşğaldan azad edilmiş ərazidə fəaliyyət göstərən sahibkar tərəfindən istehsal prosesində istifadə ediləcək bir sıra xammal və materialların idxalı 10 il müddətinə ƏDV-dən azad olunur.
Həmçinin istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 10 il müddətində hər ay istehlak olunan kommunal xidmətlərin tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 faizi məbləğində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı veriləcək. (Azərtac)